IMG-LOGO

Ayxan Abbasov: "Qarabağ" Azərbaycan Kubokunun favoritidir"

05 Feb 2026 17:28 2 baxış
IMG

"Qarabağ" Azərbaycan Kubokunun favoritidir.

"Report" xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov ölkə kubokunun 1/4 final mərhələsinin "Qarabağ"la ilk matçından (2:1) sonra mətbuat konfransında deyib.

O, hava şəraitinin hər iki komandaya çətinlik yaratdığını söyləyib:

"60-cı dəqiqədən sonra digər cinahı görmək çətinləşirdi. İlk hissədə daha yaxşı qapana bildik. Cavab görüşünə gəlincə, qələbə qazanmağımıza baxmayaraq, favorit yenə də "Qarabağ"dır. Hava şəraiti daha da pisləşsə, növbəti matçların təxirə salınması bizdən asılı olmayacaq. Amma ümid edirik ki, vəziyyət yaxşıya doğru dəyişəcək. Futbolçular döyüşdülər. "Qarabağ" kimi rəqiblə iki oyunda mübarizə aparmaq nə qədər çətin olsa da, komandamızın gələcəyi üçün yaxşı təcrübədir. Demək olar ki, cütün taleyi ikinci oyuna qaldı. Rəqib sıx qrafikdə oynayır, bəzi oyunçuları yox idi. Futbolçularım ilk hissədə tapşırıqları daha yaxşı icra etdilər, sonradan yorğunluq özünü göstərdi. Beş gündən sonra yenidən "Qarabağ"la qarşılaşacağıq, yaxşı bərpa olub həmin oyuna hazırlaşacağıq. Baxmayaraq ki, "Qarabağ" Azərbaycan Kubokunun favoritidir".

A.Abbasov komandanın heyətinin geniş olmadığını və rotasiya imkanlarının məhdudluğunu vurğulayıb:

"Təbii ki, tam gümrahlıq olmayacaq, yorğunluq qaçılmazdır. Amma oyun keyfiyyətini artırmaq üçün belə matçlar lazımdır. "Qarabağ"la matçda hər şey aydın görünür. Çempionatda hədəfimiz bəllidir, amma həm yerimizi qorumaq, həm də daha üst sıralara yüksəlmək istəyirik. Kubokda da imkanlarımız daxilində irəli getməyə çalışacağıq. Rəqib nə qədər güclü olsa da, öncədən təslim olmaq fikrimiz yoxdur".

Xəbər lenti