Türkiyənin "Adana Dəmirspor" klubu Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevə borclu olduğu 1 milyon manatdan çox məbləği hələ də köçürməyib.
Bu barədə "Report"a 31 yaşlı qolkiper özü məlumat verib.
O, məsələ ilə bağlı qarşı tərəfdən hələ də xəbər gəlmədiyini bildirib.
Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında "Qarabağ"dan "Adana Dəmirspor"a keçib və Türkiyə klubu ilə 2 illik müqavilə imzalayıb. Daha sonra tərəflər arasında maliyyə öhdəlikləri ilə bağlı problem yaranıb. Qolkiper bu səbəbdən FIFA-ya müraciət edib. Ali futbol qurumu onun Superliqa təmsilçisi ilə bağlı şikayətini qismən təmin edib.
Xatırladaq ki, Adana klubu Şahruddin Məhəmmədəliyevə ödənilməmiş mükafat olaraq 100 min ABŞ dolları (təxminən 170 min manat) verməlidir. Milli üzvü müqaviləsinin pozulmasına görə isə kompensasiya olaraq 607 min dollar (təxminən 1 milyon 31 min manat) almalıdır.