Ermənistanın Azərbaycana təcavüzü, 30 il ərzində törədilən cinayətlər ədalətin bərpa edilməsini gözləyirdi. Vətən müharibəsi və antiterror əməliyyatları nəticəsində separatçıların yuvasına müdaxilə edildi, cinayət törətmiş erməni əsilli şəxslər həbs olundu. Həmin şəxslərin Azərbaycanda ədalət məhkəməsinin qarşısına çıxarılması haqqın bərpası və tarixi an idi.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
O qeyd edib ki, məhkəmə prosesi nəticəsində müharibə cinayətləri törətmiş şəxslərin əməlləri aşkar olundu, cəzalandırıldı:
"Məhkəmə tam şəffaf və layiqli həyata keçirildi, bütün dünyaya açıq bəyan olundu. Heç kimdən gizlədilmədən, çəkinmədən Azərbaycan beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi. Hətta bildiyiniz kimi humanist bir jest də edildi: bəzi məhkum edilmiş şəxslər Ermənistana qaytarıldı. Bu, Azərbaycanın qisasla deyil, beynəlxalq hüquq, ədalət çərçivəsində haqqını bərpa etdiyinin göstəricisi idi. Ermənistandakı revanşistlərə və erməni diasporuna cavab oldu ki, ölkəmiz mərhəmət prinsiplərindən çıxış edir, edəcək.
Azərbaycana qarşı cinayətlər bəşəriyyətə qarşı idi və haqqın təmin edilməməsi beynəlxalq hüququn, BMT kimi təşkilatların üz qarası idi. Hesab edirəm ki, Azərbaycan onların üz qarasını da yudu və öz qəbul etdikləri qətnamələri icra etdirə bilməyən BMT Təhlükəsizlik Şurasının imicinə zərbə dəydi".
Deputat xatırladıb ki, İkinci Dünya Müharibəsindən sonra təşkil edilmiş Nürnberq prosesində alman faşistlərinin- nasistlərin bəşəriyyət əleyhinə insanlıq əleyhinə törətdiyi cinayətlər məhkəmədə aşkar edildi, dünyaya bəlli oldu:
"Azərbaycanda keçirilən prosesdə də məhz erməni cinayətkarlarının təkcə Azərbaycan xalqına deyil, bəşəriyyət əleyhinə törətdiyi cinayətlər hamısı aşkar olundu. Şahid ifadələri, məhkəmədə dindirilənlər, təqdim edilən faktlar şəffaf şəkildə dünyaya bəyan edildi.
Azərbaycanın ən böyük üstünlüyü odur ki, biz beynəlxalq tribunal, Beynəlxalq Ədalət Məhkəməsinin, beynəlxalq hüququn laqeyd yanaşdığı, səssiz dayandığı, hərəkətsiz dayandığı dövrdə ədaləti bərpa etdik, müharibəni qələbə ilə başa çatdırdıq və ədalət məhkəməsini həyata keçirdik.
Ona görə, düşünürəm ki, beynəlxalq məhkəmə qurumları Azərbaycana təşəkkür etməlidir. Bu proseslər beynəlxalq ədalətin də, Beynəlxalq Ədalət Məhkəməsinin prinsiplərinin də Azərbaycan tərəfindən yaşadıldığının, davam etdirildiyinin göstəricisidir".

