IMG-LOGO

Azərbaycan millisinin baş məşqçisi: "Hazırkı kollektiv kifayət qədər balanslıdır"

04 Feb 2026 11:31 5 baxış
IMG

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət yığmasının hazırkı heyəti kifayət qədər balanslı və rəqabətədavamlıdır.

Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Həbib Ağayev deyib.

Mütəxəssis yığmanın təlim-məşq toplanışı barədə fikirlərini bölüşüb:

"Toplanışın əsas məqsədi komandanın həm fiziki, həm taktiki, həm də psixoloji baxımdan qarşıdakı oyunlara tam hazır vəziyyətə gətirilməsidir. Hazırda açıqlanan heyət ümumi planıma uyğundur, istədiyim futbolçuların böyük hissəsini toplanışa dəvət etmişəm. Lakin bəzi oyunçuların zədə səbəbindən hazırlıq prosesinə qoşula bilməməsi heyətdə kiçik dəyişikliklərə səbəb ola bilər. Buna baxmayaraq, seçilmiş kollektiv Avropa çempionatına hazırlıq planımı həyata keçirmək üçün kifayət qədər balanslı və rəqabətədavamlıdır".

Mütəxəssis Özbəkistan milliksinə qarşı keçirəcəkləri yoxlama görüşlərini də dəyərləndirib:

"Özbəkistan millisi son illərdə Asiya regionunda yüksəlişdə olan komanda kimi tanınır. Asiya zonasında müntəzəm rəqabət aparan, qapalı müdafiəni yarmaq və fiziki mübarizədə çətinlik yaradacaq bir kollektivdir. Son illərdə həm oyun intizamı, həm də taktiki cəhətdən irəliləyiblər. Bu matçlarda əsas hədəfim komandamın taktiki tapşırıqları nə dərəcədə icra etdiyini, müdafiənin pressinq altında reaksiyasını görmək, hücum quruculuğunun sürətini artırmaq və futbolçuların hazırlıq səviyyəsini qiymətləndirməkdir".

Qeyd edək ki, Azərbaycanın 19 yaşadək qadınlardan ibarət millisi Daşkənddə baş tutacaq hazırlıq çərçivəsində fevralın 4-ü və 7-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası qarşılaşacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Xəbər lenti