IMG-LOGO

30 ölkənin 32 parlament üzvünün iştirakı ilə WUF13-ə həsr olunmuş onlayn tədbir keçirilib

03 Feb 2026 19:54 4 baxış
IMG

Dünyanın 30 ölkəsindən 32 parlament üzvünün iştirakı ilə WUF13-ə həsr olunmuş "Parlamentlərin dayanıqlı şəhərlərin inkişafında və davamlı şəhərsalmanın təşviqində rolu" mövzusunda beynəlxalq onlayn tədbir keçirilib.

"Report" xəbər verir ki, 30 yanvar tarixində keçirilən tədbirin əsas məqsədi iştirakçıları WUF13-ün əsas məqsədləri və proqramı barədə məlumatlandırmaq və WUF13-də parlamentlərin iştirakının təşviqinə töhfə vermək olub.

Tədbir Azərbaycan Respublikası Milli Məclisinin və Qlobal Parlamentari Akademiyasının (GCAP) üzvü Pərvanə Vəliyevanın təşəbbüsü ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əməkdaşlıq çərçivəsində baş tutub. Tədbirdə parlament üzvləri ilə yanaşı UN-Habitat və digər ixtisaslaşmış agentliklərinin nümayəndələri iştirak edib.

Açılış nitqi ilə çıxış edən deputat Pərvanə Vəliyeva xarici həmkarlarına təşəbbüsü dəstəkləyərək WUF13-ə həsr olunmuş iclasda iştirak etdiklərinə görə təşəkkür edib. Açılışda xüsusi qonaq qismində Dominika Birliyinin Ətraf Mühit, Kəndlərin Müasirləşdirilməsi və Kalinago İcmasının İnkişafı naziri Kozier Frederik çıxış edərək, kiçik ada dövlətlərinin urbanizasiya təcrübələrindən, mövcud çağırışlardan və Dominika parlamentinin tikinti normaları, zonalaşdırma qanunları və planlaşdırma sistemlərində gördüyü işlərdən danışıb.

Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən WUF13 haqda təqdimat edilib, Azərbaycanın WUF13 çərçivəsində irəli sürdüyü yeni təşəbbüslər, ilk dəfə olaraq ölkə və hökumət başçılarının iştirakı ilə Zirvə Görüşünün təşkili olunacağı haqda məlumat verilib, şəhərsalma forumlarında parlament diplomatiyasının əhəmiyyəti vurğulanıb.

Müzakirələrdə iştirak edən xarici deputatlar Azərbaycanın WUF13-ə ev sahibliyini, eləcə də zəngin şəhərsalma təcrübəsini yüksək qiymətləndirərək, WUF13 Milli Koordinatoruna birgə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

"Biz, 30 ölkəni təmsil edən parlament üzvləri olaraq qəbul edirik ki, şəhərlər bu günün ən aktual qlobal çağırışlarının mərkəzində dayanır və eyni zamanda onların həllinin əsas açar nöqtəsidir. Sürətli urbanizasiya, iqlim riskləri, bərabərsizlik, məcburi köçkünlük və dərinləşən qlobal yaşayış yeri böhranı əlaqələndirilmiş siyasi liderlik, qanunvericilik fəaliyyəti və davamlı investisiyalar tələb edir. Biz bir daha təsdiqləyirik ki, parlamentlər qlobal şəhər öhdəliklərinin milli qanunlara, siyasətlərə və maliyyələşmə mexanizmlərinə çevrilməsində həlledici rol oynayır. Biz WUF13-ün ev sahibi kimi Azərbaycan Respublikasına güclü dəstəyimizi ifadə edirik, Azərbaycanın dayanıqlı urbanizasiya üzrə qlobal dialoqu irəli aparmaq öhdəliyini və şəhərləri dayanıqlığın, sülhün və inklüziv inkişafın hərəkətverici qüvvəsi kimi təqdim edilməsi istiqamətində fəaliyyətini alqışlayırıq".

Qeyd edək ki, parlamentarilər Ümumdünya Şəhərsalma Forumlarının əsas iştirakçı qruplarından biridir.

Xəbər lenti