Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri iki ölkə arasında münasibətlərin yalnız diplomatik səviyyədə deyil, eyni zamanda, strateji müttəfiqliyə yüksəlməsinin göstəricisidir.
Bunu "Report"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, BƏƏ Yaxın Şərqdə maliyyə, texnoloji və siyasi baxımdan ən nüfuzlu dövlətlərdən biridir:
"BƏƏ-Azərbaycan münasibətlərinin indiki səviyyəyə çatması İlham Əliyevin apardığı xarici siyasətin və ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Eyni zamanda, Azərbaycanın da müsəlman dünyasında etibarlı və təhlükəsiz dövlət kimi qəbul olunduğunu təsdiqləyir".
Deputat bildirib ki, iki ölkə arasında hərbi əməkdaşlıq da yeni mərhələyə qədəm qoyub:
"Hazırda diqqət təcrübə mübadiləsi, birgə təlimlər, müasir döyüş konsepsiyasının bir-biri ilə təmasda öyrənilməsinə yönəlib. BƏƏ regional təhlükəsizlik baxımından böyük təcrübəyə malikdir. Azərbaycan da 44 günlük müharibədən sonra bir daha sübut etdi ki, müharibə modelində formalaşmış ölkədir və bu təcrübəni bölüşmək istiqamətində addımlar atır. "Sülh qalxanı-2026" təliminə gəldikdə isə bunun əsas məqsədi iştirakçı dövlətlərin hərbi kontingentlərinin antiterror əməliyyatları üzrə peşə bacarığının təkmilləşdirilməsidir".
A.Nağıyev həmçinin Azərbaycan-BƏƏ birgə hərbi təlimlərinin əhəmiyyətli olduğunu da söyləyib:
"Təlimlərdə hər iki dövlətin hərbi qulluqçuları yaşayış məntəqələrində, dağlıq şəraitdə, dəniz mühitində terrorçu ünsürlərin zərərsizləşdirilməsi və müxtəlif tapşırıqları yerinə yetirirlər. Bu təlimlər real döyüş ssenarisi üzrə uyğunlaşdırılır, hibrid təhdidlər, terrorla mübarizə, kritik infrastrukturların qorunması kimi müasir təhlükəsizlik çağırışlarını göstərir və buna fokuslanır. Eyni zamanda, həm dosta, həm də düşmənə mesajdır. Beynəlxalq ictimaiyyətə ötürülən mesaj isə Azərbaycanın təhlükəsizlik sahəsində tək istehlakçı deyil, təhlükəsizliyi istehsal edən dövlət olduğudur. BƏƏ ilə hərbi əməkdaşlıq Cənubi Qafqazla Yaxın Şərq və Körfəz regionu arasında təhlükəsizlik körpüsünün qurulduğunu göstərir".
Milli Məclisin üzvü vurğulayıb ki, Azərbaycanın balanslı xarici siyasəti Qərb, ərəb dünyası, Şərq və İslam dünyası üçün effektiv hərbi siyasi əlaqələri formalaşdırır:
"Prezidentin BƏƏ-yə səfəri və "Sülh qalxanı-2026"da iştirakı Azərbaycanın beynəlxalq təhlükəsizlik arxitekturasında rolunun artdığını göstərir".

