Xankəndidə keçirilən Azərbaycan Gənclərinin XI Forumunda 400-ə yaxın şəxs aktiv iştirak edir.
"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova Azərbaycan Gənclərinin XI Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu forum üzrə müraciətlərin sayı 3 mindən çox olub:
"Forum çərçivəsində Bakı mərhələsində 600 gənc, Xankəndi mərhələsində isə təxminən 400 gənc iştirak edib. Forumların əsas üstünlüyü ondan ibarətdir ki, burada Azərbaycanın bütün gənclər kateqoriyaları təmsil olunur. Gənclər müxtəlif mövzularda müzakirələrə qoşulur, peşəkarlarla görüşlər keçirir, növbəti 10 il üzrə gənclər strategiyasına dair təkliflər hazırlayır və təşəbbüslər irəli sürürlər".
Ü.Axundova qeyd edib ki, Azərbaycan gənclərinin belə forumlara marağı və aktivliyi çox yüksəkdir:
"Yerlər məhdud olsa da, maraq olduqca yüksəkdir. Ümumilikdə il ərzində keçirilən tədbirlərdə iştirak üçün qeydiyyatdan keçənlərin sayı on minlərlədir. Bu da gənclərin elanları mütəmadi izlədiyini və təşəbbüslərdə aktiv iştirak etdiyini göstərir".