IMG-LOGO

Adam oğurluğunda təqsirləndirilənin MƏHKƏMƏSİ - "Onu diziüstə oturdub..."

02 Feb 2026 17:40 3 baxış
IMG
2 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə adam oğurluğunda təqsirləndirilən şəxslərin - Ağa Tarverdiyev, Nurlan Zeynalov, Ruslan Məmmədov, Fazil Hacıyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxslərin ifadə verməyi ilə davam edib.

Təqsirləndirilən Fazil Hacıyev həmin gün dostu Nurlan Zeynalovun zəngindən sonra evdən çıxdığını bildirib:

"Nurlan dedi ki qağa, bir nəfər var, sosial şəbəkələrdə gürcüstanlıları söyüb, sənə verəcəyim ünvana gəl. Yolda olanda Nurlan sonra başqa ünvana gəlməyi dedi. Ora çatanda gördüm ki, Nurlan və yanındakılar artıq həmin şəxsi cəzalandırmağa başlayıblar. Onu diziüstə oturdub üz-gözünə zərbələr vururlar. Bu, Fəxrəddin  adlı şəxs idi. O  söydüyünə görə üzr istəyirdi. Mən də özümü saxlaya bilməyib onun  başının ortasına və üzünə vurdum, sonra oradan çıxıb getdim.

Video məsələsinə gəlincə, mən orada video çəkildiyini  bilmirdim. Ara qarışanda  nə isə işıq gördüm qələbəliyin içində, amma bilmədim ki video çəkilir. Sonradan biləndə  onun silinməyini uşaqlardan istəmişdim, silinmişdi. Kimisə döyüb, sonra bunu  videoya çəkmək alçaqlıqdır. Kim bizi satıb, necə o video sonradan çıxdı bilmirəm. Pul söhbətini müstəntiq Kürdəxanıya gələndən sonra bilmişəm. Heç kimdən pul istənilməyib, bu söhbət necə çıxdı, bilmirəm. Zərərçəkmiş şəxs deyilən  Fəxrəddin Məmmədzadəni orada tanıdım. Vurmazdım, amma söyüşə qadınları da qarışdırdığına görə dözə bilmədim. Bıçaq Fəxrəddinin üzərində olub".

Daha sonra müdafiə vəkili təqsirləndirilən Fazil Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib. Məhkəmə qısa müşavirədən sonra vəsatətin təmin edilmədiyini bildirib.

Növbəti proses fevralın 9-na təyin olunub.

Xatırladaq ki, iş materiallarına əsasən, Ağa Tarverdiyev digər müttəhimlərlə əlbir olaraq yetkinlik yaşına çatmayan şəxsi oğurlayıb, qanunsuz girov saxlamaqla, azad edilməsi müqabilində yaxınlarından pul tələb ediblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama) maddəlləri ilə ittiham irəli sürülüb.

 

məhkəmə kriminal adam oğurluğu

Xəbər lenti