Bu siyahı göstərir ki, hətta tanınmış brendlər belə bəzən çox baha başa gələn səhvlər edə bilirlər.
Lent.az xarici mediaya istinadən tarixin ən uğursuz smartfonlarını təqdim edir:
Son on ildə smartfon sənayesi inkişafın zirvəsinə çatıb: flaqman modellər getdikcə daha mükəmməl olur, hətta kiçik brendlər belə həqiqətən keyfiyyətli cihazlar istehsal etməyi öyrəniblər. Ancaq bu irəliləyiş keçmişdə buraxılan ağrılı səhvlər və alınan dərslər sayəsində mümkün olub. Siyahıya həm köhnə “əfsanəvi uğursuzluqlar”, həm də bazarın gözləntilərini doğrultmayan daha yeni modellər daxil edilib.
Samsung Galaxy Note 7 (2016)
Bu flaqman batareyaların kütləvi şəkildə alışması və yanması halları ilə yadda qalıb. Nəticədə cihaz dünya üzrə geri çağırıldı və hətta təyyarələrdə istifadəsi qadağan olundu.
Bu qalmaqal mobil sənaye tarixində ən bahalı skandallardan biri hesab olunur və "Samsung"un reputasiyasına ciddi zərbə vurub.
BlackBerry Storm (2008)
Bu smartfon iPhone ilə rəqabət apara bilmədi: sensor klaviaturanın yavaş işləməsi, çoxlu xətalar (buglar) və Wi-Fi-nin olmaması onun əsas problemləri idi.
Bu model "BlackBerry"nin enişinin başlanğıcı kimi qiymətləndirilir və şirkətin fiziki klaviaturadan sensor interfeysə keçidə uyğunlaşa bilmədiyini göstərdi.
Nokia Lumia 900 (2012)
Smartfonun dizaynı və yığımı keyfiyyətli olsa da, Windows Phone ekosisteminin zəifliyi onun əsas mənfi cəhəti idi.
Populyar tətbiqlərin olmaması və "Microsoft"un əməliyyat sisteminə dəstəyi dayandırması bu cihazın alınmasını mənasız etmişdi.
Samsung Galaxy Fold (2019)
Samsung-un ilk qatlanan smartfonu elastik ekranlarla bağlı “belə etməyin” nümunəsinə çevrildi: qoruyucu plyonka çıxarıldıqdan sonra ekran qırılırdı, menteşə isə toz və çirk buraxırdı. İnnovativ olsa da, bu cihaz bazarın hələ bu formata hazır olmadığını göstərdi.
Amazon Fire Phone (2014)
Amazon öz xidmətlərinə və 3D interfeysə güvəndi, amma smartfon həm çox baha, həm də məhdud imkanlı oldu.
Google xidmətlərinin olmaması və yalnız bir operator üçün eksklüziv olması alıcıları tamamilə uzaqlaşdırdı.
HTC Evo 3D (2011)
Eynəksiz 3D ekran ideyası kağız üzərində maraqlı görünsə də, real istifadədə göz yorğunluğu yaradırdı və praktik faydası demək olar ki, yox idi.
Zəif batareya və orta səviyyəli kamera uğursuzluğu daha da artırdı.
RED Hydrogen One (2018)
Kinokameralar istehsal edən şirkətin hazırladığı bu həddən artıq bahalı smartfon (1300 dollar) gözləntiləri doğrultmadı: “holoqrafik” ekran şübhəli görünürdü, vəd edilən modul kamera əlavələri isə heç vaxt satışa çıxmadı. Bu qədər yüksək qiymətə istifadəçi sadəcə adi Android telefonu almış olurdu.
Kyocera Echo (2011)
İki ekran ideyası innovativ idi, amma həmin dövrün Android sistemi bu format üçün hazır deyildi. Telefon yavaş işləyirdi, tez boşalırdı və gündəlik istifadə üçün əlverişsiz sayılırdı.
Solana Saga (2023)
Bu kripto-smartfon Web3 və blokçeyn funksiyalarına fokuslanan ilk cihazlardan biri idi. Lakin əksər istifadəçilər üçün bu funksiyalar faydasız oldu. Əslində bu, 1000 dollara satılan, xüsusi üstünlüyü olmayan şişirdilmiş qiymətli Android telefon idi.
Palm Phone (2018)
Bu mini smartfon əsas böyük telefon üçün “köməkçi cihaz” kimi təqdim olunurdu. Amma kiçik ekran, zəif batareya və digər cihazdan asılılıq onu çox qeyri-praktik edirdi.
iPhone 6 (2014)
Kommersiya baxımından uğurlu olsa da, bu model Bendgate qalmaqalı ilə məşhurlaşdı: telefon cibdə daşınarkən asanlıqla əyilirdi. Bu, tənqid dalğası və çoxsaylı memlərin yaranmasına səbəb oldu. Vəziyyəti daha da ağırlaşdıran məqam o idi ki, Apple iPhone 6 və 6 Plus-un əvvəlki modellərdən daha asan əyildiyini bilsə də, dizaynı yenə də təsdiqləmişdi.
iPhone 16e (2025)
Bu model köhnəlmiş dizaynı, böyük “kəsiyi” (notch) və yüksək qiymətinə baxmayaraq zəif kameraları səbəbilə tənqid olundu. Ekspertlər bu cihazı Apple xəttində uğursuz mövqeləndirmənin nümunəsi kimi qiymətləndirirlər.
Escobar Fold (2019–2020)
Bu “smartfon” tarixə fırıldaq layihə kimi düşüb: Pablo Escobarın qardaşına aid şirkət istifadə olunmuş Galaxy Fold telefonlarının üzərinə öz loqosunu yapışdıraraq məşhur bloqerlərə göndərirdi. Adi alıcılara isə boş qutu və ya kitab göndərilirdi.
Texno ən uğursuz telefonlar 13 uğursuz telefon iPhone Samsung Nokia

