İspaniyanın "Real" klubunun futbolçusu Cud Bellinqem UEFA Çempionlar Liqasında "Benfika"ya qarşı keçirəcəkləri pley-off oyunlarını buraxacaq.
"Report" "Marca"ya istinadən xəbər verir ki, buna 22 yaşlı yarımmüdafiəçinin La Liqanın XXII turunda "Rayo Valyekano"ya 2:1 hesabı ilə qalib gəldikləri matçda zədələnməsi səbəb olub.
Tibbi müayinələrdən sonra ingiltərəli oyunçunun sol ayağındakı vətərdə zədə aşkarlanıb.
Onun sağalması üçün bir ay vaxt lazımdır. Beləliklə, Bellinqem fevralın 17-si və 25-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarında meydana çıxmayacaq.
Bundan əlavə, yarımmüdafiəçi La Liqada "Valensiya" (8 fevral), "Real Sosyedad" (14 fevral) və "Osasuna"ya (22 fevral) qarşı görüşlərdə də komandasına kömək edə bilməyəcək.