IMG-LOGO

Elmar Baxşıyev: "Qarabağ" "Nyukasl" üzərində qələbə qazana biləcəyini öz oyunu ilə sübut edib"

31 Jan 2026 15:27 3 baxış
IMG

"Qarabağ" cari mövsüm göstərdiyi oyunlarla "Nyukasl" (İngiltərə) üzərində qələbə qazana biləcəyini sübut edib.

Bunu "Report"a açıqlamasında "Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Elmar Baxşıyev UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis "Qarabağ"la üz-üzə gələcək "Nyukasl" barədə fikirlərini bildirib:

"Qarabağ"ın bu mövsüm Çempionlar Liqasındakı ev oyunlarını unutmamışıq - "Kopenhagen" qalibiyyəti və "Ayntraxt" üzərində əzmkar qələbə. "Çelsi" ilə matçda isə qələbəyə bərabər heç-heçəyə imza atmışdılar. İnamımız var ki, "Qarabağ" "Nyukasl"a qarşı da layiqli mübarizə aparacaq. Baxmayaraq ki, rəqib İngiltərə Premyer Liqası təmsilçisidir. "Qarabağ" üçün bu ölkənin komandalarına qarşı oynamaq çətin olur. Çünki onlar çox sürətli və atletik çıxış edirlər".

E. Baxşıyev 2006-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin heyətində İngiltərəyə qarşı "Nyukasl"a məxsus "Sent Ceyms Park" arenasında keçirdikləri oyunu xatırlayıb:

"Təxminən 20 il əvvəl bu stadionda meydana çıxmışdıq. Möhtəşəm aurası olan bir arenadır. Həmin matçda yığma olaraq çox yaxşı mübarizə aparmışdıq. Sadəcə rəqib komandanın daha çox qol imkanları oldu və istifadə etməyi bacardılar".

Qeyd edək ki, "Qarabağ"ın "Nyukasl"a qarşı ilk görüşü fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xəbər lenti