IMG-LOGO

Azərbaycan millisinin baş məşqçisi 3 ölkə klubları ilə danışıq aparır

26.01.2024 15:17 95 baxış
IMG

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov 3 ölkə klubları ilə danışıq aparır.

Bu barədə “Report”a 36 yaşlı mütəxəssis özü məlumat verib.

Ötən ay Türkiyənin “Fomget” komandasından ayrılan çalışdırıcı yenidən ölkə xaricində fəaliyyət göstərməyə hazırlaşdığını bildirib: “Təkcə millidə qalmaq fikrim yoxdur. Bəzi ölkələrdən təkliflər var, hazırda onları dəyərləndirirəm. Ambisiyalı, çempionluğa iddia edən komandada çalışmaq istəyirəm. Türkiyə, Rusiya və Səudiyyə Ərəbistanının yüksək liqa klublarından təkliflər var. Danışıqlar davam edir”.

S.Əsgərov Azərbaycanda çalışmağın da əleyhinə deyil: “Qadın futbolu Azərbaycanda inkişaf dövründədir. Ölkə daxilindən hələ təklif almamışam. Təbii ki, Azərbaycanda qadın futbolunun klub səviyyəsində inkişaf etməsini mən də istəyirəm. Bir köməyim dəyəcəksə, hər zaman hazıram. Amma bəzi futbol klubları qadın futboluna yeni yatırım etməyə başlayıblar. Bu da sevindirici haldır”.

O, baş məşqçisi olduğu millinin bir neçə futbolçusunun xarici klublarla anlaşmasına da münasibət bildirib: “Qızların yaxşı klublarda legioner həyatı yaşamaları çox xoşdur. Bu bir növ planımızın parçasıdır. Vüsalə Seyfəddinovanın Yunanıstanın “Olimpiada İmitou”, Sevinc Cəfərzadənin isə Səudiyyə Ərəbistanının “İstren Fleymz” klubuna keçməsi çox yaxşı haldır. Kimsə düşünə bilər ki, Səudiyyə Ərəbistanında qadın futbolu zəifdir. Ancaq biz bunun hamısını araşdırırıq. Orada qadın futboluna çox yaxşı yatırımlar var. Futbolçularımızın getdikləri klublarda məşqçilərin səviyyəsi də çox yüksəkdir. Bütün bunlar qızların yığmaya daha hazırlıqlı gəlmələrinə yol açacaq”.

Qeyd edək ki, Siyasət Əsgərov ötən mövsüm “Fomget”lə Türkiyə çempionatının qalibi olub.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti