IMG-LOGO

"Qarabağ"ın Almaniya klubları ilə 11-ci dueli: "Köhlən atlar" indiyədək qələbə qazana bilməyib

21 Jan 2026 10:54 3 baxış
IMG

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində bu gün keçiriləcək "Qarabağ" - "Ayntraxt" (Frankfurt) oyunu Azərbaycan çempionunun Almaniya klublarına qarşı 11-ci dueli olacaq.

"Report"un məlumatına görə, "köhlən atlar" indiyədək avrokuboklarda bu ölkənin 4 kollektivi ilə üz-üzə gəlib.

"Qarabağ" 10 matçın 8-də uduzub, iki görüşdə heç-heçə qeydə alınıb. Top fərqi də Bundesliqa klublarının xeyrinədir - 23:8.

Ağdam təmsilçisi UEFA Avropa Liqasının 2010/2011 mövsümünün pley-off mərhələsində Dortmund "Borussiya"sı ilə qarşılaşıb. Almaniyada rəqibinə 0:4, Bakıda 0:1 hesabı ilə məğlub olan "köhlən atlar" avrokuboklarla vidalaşıb.

Almaniya təmsilçisi ilə növbəti duel UEFA Avropa Liqasının 2013/2014 mövsümünə təsadüf edib. Turnirin pley-off mərhələsində "Ayntraxt" ilə üz-üzə gələn "Qarabağ" Bakıdakı ilk oyunda rəqibinə 0:2 hesabı ilə yenilib. Almaniyada keçirilən matç isə meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qarabağ" UEFA Avropa Liqasının 2022/2023 mövsümünün qrup mərhələsində növbəti dəfə Almaniya təmsilçisi ilə qarşılaşıb. "Frayburq"a səfərdə uduzan (1:2) Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda gerçəkləşən matçdan bərabərliklə ayrılıb - 1:1.

Azərbaycan çempionu 2023/2024 mövsümündə "Bayer 04" ilə dörd dəfə qarşılaşıb. UEFA Avropa Liqasının qrup mərhələsində 1:5 və 0:1 hesabı ilə uduzan komanda eyni turnirin pley-offunda Bakıda heç-heçə (2:2) etsə də, səfərdə məğlubiyyətlə barışıb - 2:3.

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" oyunu bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər lenti