IMG-LOGO

Azərbaycanlı mühəndis kompüterlə bağlı etdiyimiz səhvləri SADALADI – MÜSAHİBƏ

26.01.2024 15:01 73 baxış
IMG

Müasir dövrümüzü kompüter və telefonsuz düşünmək mümkün deyil. Amma əsas nüans bu cihazlardan düzgün istifadə etməkdir. 

Gündəlik həyatımızda istifadə etdiyimiz kompüterlərə düzgün qulluqla bağlı informasiya texnologiya mühəndisi Kənan Nəsirov Lent.az-a müsahibə verib. 

Onunla müsahibəni təqdim edirik:

- Kompüter istifadəçilərinin ən çox etdiyi səhvlər hansılardır?

- Kompüter istifadəçilərinin ən çox etdiyi səhvlərdən biri odur ki, onu söndürərkən “Windows”dan söndürmürlər. Belə ki, onu birbaşa “Power” düyməsini sıxıb söndürürlər. Bu da əgər kompüterdə sərt disklər varsa, onu sıradan çıxarır. Ya da sistemə zərər verə bilir. Bundan əlavə, çox insan kompüter ekranını, klaviaturanı nəm salfetlə silir. Bu da klaviaturanın daxili sistemini zədələyir, onda problem yaradır. 

Kompüteri işlədərkən bəzi saytlar var ki, oradan hansısa proqramları yükləyirlər ki, bunlar da viruslu ola bilirlər. Nəticədə bu da kompüterin işini ləngidir, gecikdirir. Kompüterdə görünməsə belə arxa planda özünü büruzə verir.

Bir də vaxtında təmizlik etmək lazımdır. Daxili təmizlik olmayanda kompüterdə problem yaranır. Bunun kimi bir çox problemlər yarana bilir. 

- Təmir üçün ən çox hansı səbəblərdən müraciət olunur?

- Kompüteri təmir üçün ən çox qızanda, donanda gətirirlər. Donur o deməkdir ki, sistem donur. Biz sərt diski çıxarıb, onu əvəzləyirik. Bu zaman kompüter alındığı gündəkindən daha sürətli olur. 

Həmçinin, bəzi insanlar kompüterin yanında çay içirlər, yemək yeyirlər. Bu zaman həmin qidalar cihazın üzərinə tökülür və ya su dağılır. Bu zaman plata sıradan çıxır. Belə olan hallarda xərc daha çox çıxır. 

Bundan əlavə, kimsə əsəbiləşir, ekrana yumruq vurur. Ekranın arasına adapter qoyur. Müştərilər belə problemlərlə çox gəlir. 

- Kompüter alarkən nələrə diqqət etməliyik?

- Kompüter alınarkən ilk öncə fikirləşməlidirlər ki, o nə üçün istifadə olunacaq? Buna qərar verəndən sonra seçim daha da asanlaşacaq. Əsas kompüterin yaddaşı normal, yəni yüksək olsun. Bunlar qiymətə çox təsir etməyən faktorlardır. Hazırda yeni kompüterlərin hamısı belə halda gəlir. 

Əgər kompüterdə qrafik işlərlə məşğul olunacaqsa, ya da oyun üçün alınırsa, o zaman burda əsas rolu qrafik kart oynayır. Həmçinin, yeni nəsil prosessorlardan istifadə olunmalıdır. Bunlara diqqət edilməlidir. Misal üçün tələbələr kompüteri alır ki, ofis üçün istifadə edəcəyəm. Bu tip işlərdə zəif kompüterdən istifadə etmək olar. 

- Kompüterin baxımında vacib məqamlar nələrdir?

- Kompüterin baxımında əsas ən vacib məqam odur ki, yuxarıda qeyd etdiyim kimi vaxtında təmizlik olmalıdır. Profilaktik işlər görülməlidir. Bunların hamısı vaxtı-vaxtında edilməlidir. Bir də əgər kompüterin korpusunda hər hansı problem varsa, üstünə tez düşməyəndə, vaxtında baxılmayanda korpus da qırılır, ekran da sınır. Daha artıq problemlərə yol açır.

 

Xəbər lenti