“Qarabağ”a öz gücümüzü göstərməyə çalışacağıq”.
“Report” xəbər verir ki, bunu “Kəpəz”in futbolçusu Vüsal Məsimov “Qarabağ”a qarşı keçiriləcək Azərbaycan Premyer Liqasının XX turunun oyunu ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
23 yaşlı müdafiəçi rəqiblərini Qəbələ şəhər stadionunda qəbul etmələrinə baxmayaraq, azarkeşlərin onlara dəstək verdiklərini bildirib: “Qarabağ”la matça çox yaxşı hazırlaşırıq. Onların gücü hər kəsə bəllidir, çempionatda liderlik edirlər. Buna baxmayaraq, meydana xal qazanmaq üçün çıxacağıq. Düzdür, "doğma divarlar" arasında oynamayacağıq. Ancaq azarkeşlərimiz Qəbələdə də bizi tək qoymurlar. Xüsusən ev matçlarında maksimum xal toplamağa çalışacağıq”.
Vüsal Məsimov eyni stadionda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub etdikləri XIX turun görüşünü də dəyərləndirib: “Ağır oyun olacağını bilirdik. Gözlədiyimiz kimi də keçdi. Çünki Qərb derbisi həmişə azarkeş və atmosfer baxımından ağır olur. Qələbə qazandığımız üçün çox sevincliyik”.
Qeyd edək ki, yanvarın 27-də keçiriləcək “Kəpəz” – “Qarabağ” oyunu saat 15:00-da başlayacaq.
Bizim Telegram kanalımıza abunə olun