Azərbaycan I Liqasında çıxış edən "Şəfa" klubunun üzvləri üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.
"Report" xəbər verir ki, sessiya AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən həyata keçirilib.
Tədbirdə çıxış edən Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi Naib Əsədov futbolçulara danışılmış oyun anlayışı, matç zamanı edilən adi səhvlərlə qəsdən manipulyasiya edilmiş davranışlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun dürüstlüyünə və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat verib.
Sessiya çərçivəsində futbolçuların yalnız idmançı deyil, eyni zamanda dəyərlərin daşıyıcısı olduğu vurğulanıb, ədalət, dürüstlük, məsuliyyət və nümunə olmaq kimi prinsiplərin futbolçuların peşəkar fəaliyyətində mühüm rol oynadığı qeyd edilib.
Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və futbolçulara təsir üsulları təqdimat vasitəsilə izah olunub.
Eyni zamanda, futbolçuların etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, susmağın da məsuliyyət daşıdığı hallarla bağlı praktiki situasiyalar (role play) üzərində müzakirələr aparılıb. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və futbolçuların ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.
Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu bildirilib, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr futbolçulara təqdim edilib.
Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və futbolçuların bu sahədə məlumatlılığının artırılmasıdır.