"Sabah" klubunun Misli Premyer Liqasının turnir cədvəlinə başçılıq etməsi nə bəxt amilidir, nə də təsadüf.
Bunu "Report"a açıqlamasında "Neftçi"nin sabiq baş məşqçisi Samir Abasov deyib.
Mütəxəssis "Sabah"ın çempionluğa tam hazır olduğunu bildirib:
"Əlbəttə, "Sabah"ın çempionluq şansı var. Buna səbəb komandanın göstərdiyi oyun və məşqçilər heyətinin işidir. Rəhbərliyin də payını xüsusi qeyd etmək lazımdır. Bu, son illərdəki sistemli yüksəlişin nəticəsidir. Ötən il kubokda müəyyən yerə qədər gəldilər, bu il isə çempionluq uğrunda mübarizə aparırlar. Bu, normaldır, futbolun və bir klubun görəcəyi işlərin yaxşı tərəfləridir. Əsas odur ki, "Sabah" çempionluğa hazırdır. İndiyə qədər gördükləri işə görə hazırkı mövqedə olmağı haqq edirlər. "Sabah"ın çempionatdakı liderliyi nə bəxt amilidir, nə də təsadüf. Mövsümün sonunda çempion olacaqlarını isə zaman göstərəcək. Çünki ən yaxın rəqibləri olan "Qarabağ"la qarşıda hələ iki oyunları var. Yəni bu rəqiblə hər iki oyunu udub çempion olmaya bilərlər. Yaxud əksinə, hər iki matçda uduzsalar belə, çempionluq sevinci yaşaya bilərlər".
Samir Abasov "Qarabağ"ın çempionluq yolundakı əsas çətinliyinin sıx qrafik və fiziki yorğunluq olduğunu vurğulayıb:
"Qarabağ"ın çempion olmasına heç nə mane ola bilməz, sadəcə, hazırda həddən artıq sıx qrafikləri var. Bəziləri bunu anlamırlar. Gərginlik, pley-off stresi insanın bütün fiziki gücünü üstələyir. Bunu sözlə ifadə etmək çətindir. Komanda bütün gücünü Çempionlar Liqasına qoyursa, növbəti matç üçün tam bərpa olmaq çox çətindir. İnsan faktoru var, bu, ağır yüklə işləyən fəhlənin durumuna bənzəyir. Səhərdən axşama canını qoyursan, amma sabah eyni enerjini tapacağına zəmanət yoxdur. "Qarabağ"ın üzərində böyük yük var, çünki onlar tək özlərini yox, bütün Azərbaycanı təmsil edirlər. Çempionlar Liqasının Liqa mərhələsi səddini keçsələr, bəlkə bir az rahatlayarlar. Çünki pley-off matçına qədər vaxt olacaq. Amma gərginlik daxili çempionatda komandaya təsir edə bilər. Məsələnin müsbət tərəfi odur ki, "Qarabağ"ın mövsümün sonunda rahat çempion olacağını deyə bilmirsən".
Təcrübəli məşqçi "Qarabağ"ın qış "transfer pəncərəsi"ndə passiv qalması ilə bağlı tənqidlərə də cavab verib:
"Transfer eləmək kənardan göründüyü qədər asan iş deyil. İnsanlar elə bilir ki, "transfer" deyən kimi dərhal kimsə gəlməlidir. İstər qış, istərsə də yay fasiləsi olsun, xüsusən də Azərbaycan klubları üçün transfer etmək heç rahat deyil. Asandırsa, niyə bütün klublar bunu etmir? İndi çox qəlizləşib. Mən "Neftçi"də olanda elə futbolçular vardı ki, aylarla danışırdıq, bizi gözlədirdi. Sonda da daha sərfəli təkliflər aldığı başqa ölkələrə yollanırdı. İnsanlar anlamırlar ki, bu futboldur, dəvət etdiyin oyunçular yaxşı çıxa da bilər, çıxmaya da. Ona görə də "Qarabağ" qışda transfer etmədi. Elə futbolçu gətirməlidirlər ki, pley-offda oynaya bilsin. Bu isə heç də asan deyil".
O, sonda "Sabah"ın hədəfə fokuslandığını qeyd edib:
"Bu mövsüm "Sabah"da böyük bir istək var. Futbolçular birinci yerə o qədər kökləniblər ki, hər oyuna sonuncu kimi çıxırlar. Bu isə böyük amildir. "Kəpəz"in "Qarabağ"a qalib gəlməsi göstərdi ki, hər an hər şey ola bilər. Amma "Sabah" rəqiblərin xal itirməsindən yaranan gərginliyi düzgün idarə edir və rahat qələbələr qazanır. Görünən odur ki, onlar istəklərinə çatmaq üçün hər şeyi edəcəklər".
Qeyd edək ki, "Sabah" hazırda Misli Premyer Liqasının turnir cədvəlinə 40 xalla başçılıq edir. 36 xala malik "Qarabağ" ikincidir.