IMG-LOGO

“Xırdalan”ın basketbolçusu: “Rəqiblər bizi lazımi qədər dəyərləndirmirlər”

25.01.2024 10:03 72 baxış
IMG

“Düşünürəm ki, rəqiblər bizi lazımi qədər dəyərləndirmirlər. Amma bunun bizim üçün problemi yoxdur”.

“Report” xəbər verir ki, bunu “Xırdalan”ın oyunçusu Cessi Gi “Sabah”ı 107:103 hesabı ilə məğlub etdikləri Azərbaycan Basketbol Liqasının XII turunun oyunundan sonra deyib.

Avstraliyalı oyunqurucusu qələbəyə görə xoşbəxt olduğunu bildirib: “Bunun üçün çox çalışmışdıq. Əziyyətimiz boşa getmədi. Komandada hər kəs bu qələbədə pay sahibi oldu. Əsl kollektiv oyun sərgilədik. Rəqiblər tərəfindən qiymətləndirilməməyimiz bizi motivasiya edir. “Sabah” üzərində qələbə ilə də güclü kollektiv olduğumuzu sübut etdik”.

Matçın ən yaxşısı olan 28 yaşlı basketbolçu fərdi oyuna üstünlük vermədiyini söyləyib: “32 xal toplasam da, bunu komanda yoldaşlarımın dəstəyi ilə etmişəm. Komandam və məşqçim mənə güvəndikləri üçün bu performansı göstərə bildim. “Sabah” liqanın ilk pilləsində idi. Bu amil məni startdan etibarən daha aqressiv oynamağa motivasiya etdi”.

Qeyd edək ki, hazırda “Sabah” 22 xalla turnir cədvəlinə başçılıq edir, “Xırdalan” isə 19 xalla dördüncü pillədə qərarlaşıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti