"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniya Bundesliqasının lideri "Bayer 04" klubunun düşərgəsində olub.
"Report"un Ağdam klubunun mətbuat xidmətinə istinadən məlumatına görə, təcrübəli mütəxəssis Leverkuzen təmsilçisinin hazırlıq prosesini izləyib.
O, "Bayer 04" klubunun baş məşqçisi Xabi Alonso ilə də görüşüb.
Qurban Qurbanov səfərin məqsədini klub saytına açıqlayıb: "Çoxdan idi ölkə xaricində belə tədbirdə olmamışdım. "Bayer 04"ün oyun üslubu və uğurlu nəticələri məni çox cəlb etdi. Xabi Alonsonun iş prinsipləri çox maraqlı idi. O, zəngin futbolçu karyerası ərzində çox böyük məşqçilərin rəhbərliyi altında çıxış edib. İspaniyalı mütəxəssis məşqçi fəaliyyətində qısa müddətdə kifayət qədər uğur qazanmağa nail olub. Alonsonun özünün, vaxtilə onun oynadığı komandalarda çalışmış mütəxəssislərin iş prinsipləri ilə də maraqlanmaq istəyirdim".
Mütəxəssis Almaniyaya səfərin ilk gününü faydalı hesab edib: "Bayer 04"ün bugünkü məşqində iştirak etdim. Hazırlıq prosesindən sonra Alonso ilə görüşümüz oldu. Onun futbolçu və məşqçi karyerası, çalışdığı məşqçilər Pep Qvardiola, Karlo Ançelotti, Joze Mourinyo və digərləri ilə bağlı söhbət etdik. Futbolçu olduğu illərdə fərqli oyun fəlsəfələri olan mütəxəssislərlə çalışan ispaniyalı mənə onlar haqda geniş məlumat verdi. Həqiqətən çox faydalı görüş alındı".
Bizim Telegram kanalımıza abunə olun