IMG-LOGO

"Qarabağ" rəsmisi: "AFFA-nın tətbiq edəcəyi yeniliklər müsbət olsa da, qlobal inkişaf üçün yetərli deyil"

26 Jan 2026 16:42 3 baxış
IMG

AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarda tətbiq ediləcək yeniliklər müsbət olsa da, qlobal inkişaf üçün yetərli deyil.

Bunu "Report"a açıqlamasında "Qarabağ" akademiyasının koordinatoru Aftandil Hacıyev deyib.

O, AFFA U-8, U-9, U-10, U-11 və U-12 liqaları ilə bağlı yeni qəbul edilən qərarlardan danışıb:

"Verilən qərarlar yaxşıdır. Düşünürəm ki, oyunlar zamanı intiriqa və marağı bərpa etmək üçün bu qərarlar faydalı olacaq. Belə olan halda uşaqlar da həvəslə meydanda top qovacaqlar. Həmin yaş qruplarının oyunlarında tez-tez böyükhesablı nəticələrlə rastlaşırdıq. Bu səbəbdən yeni dəyişiklikləri müsbət qarşılayıram. Lakin bu, qlobal inkişaf üçün yetərli deyil. Böyük inkişaf üçün başqa amillərə də diqqət yetirilməlidir. Yəqin ki, gələcəkdə mərhələli şəkildə bəzi məsələlər həllini tapacaq. AFFA-nın planlaşdırılmış inkişaf proqramı var".

Mütəxəssis müəyyən vaxtlarda AFFA rəsmiləri ilə bir araya gəldiklərini və uşaq futbolu ilə bağlı yeni qərarları müzakirə etdiklərini söyləyib:

"Bizim federasiya rəsmiləri ilə bir neçə dəfə görüşlərimiz olub. Uşaq futbolunun inkişafı üçün bir neçə təkliflər irəli sürmüşük. Hələ ki, müzakirələr gedir. Uyğun olan qərarı AFFA özü verəcək".

Qeyd edək ki, AFFA-nın tədbiq edəcəyi yeniliklərə əsasən hər hansı komanda oyun ərzində 3 top fərqi ilə geridə olarsa, bu zaman əsas heyətə 1 oyunçusunu əlavə edə biləcək. Hesab arasındakı fərq 6 qol olarsa, məğlub durumda olan komanda əsas heyətə daha 1 oyunçu əlavə edə bilər. Hesab fərqi 4 qola enən zaman meydanda olan əlavə 2 oyunçudan 1-i meydanı tərk etməli olacaq. Yekunda, 3 qol fərqi olanda əlavə 1 oyunçu, 6 qol fərqi yaranan zaman əlavə daha bir oyunçu meydana daxil ola bilər. Qol fərqi 4-ə və 2-yə enərsə, meydana daxil olan oyunçular müvafiq qaydada meydanı tərk etməlidirlər. Hesab fərqinə görə meydana əlavə olaraq çıxa biləcək oyunçuların sayı maksimum 2 nəfər olmalıdır.

Xəbər lenti