Slovakiyalı FIFA referisi İvan Krujlyak cari mövsüm ikinci dəfə "Qarabağ"ın oyununu idarə edəcək.
"Report"un məlumatına görə, UEFA Çempionlar Liqasının əsas mərhələsində "Liverpul"la baş tutacaq səfər matçına təyinat alan 41 yaşlı hakim daha əvvəl də "köhlən atlar"ın qarşılaşmasında iş başında olub.
"Qarabağ" 2025-ci ilin avqustunda eyni turnirin III təsnifat mərhələsindəki ilk görüşündə Şimali Makedoniyada "Şkendiya"nı minimal hesabla üstələyib.
İ.Krujlyak Azərbaycan millisinin 2021-ci ildə Qətərə uduzduğu (1:2) yoldaşlıq oyununda, 2015-ci ildə isə "Qəbələ"nin UEFA Avropa Liqasının pley-offunda Yunanıstanda "Panatinaikos"la bərabərə qaldığı matçda (2:2) meydanda əsas söz sahibi olub.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunun "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.