"Turan Tovuz"un futbolçusu Hayderson Hurtado 999 gündən sonra ilkə imza atıb.
"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XVII turunda "Sumqayıt"la (2:1) oyunda reallaşıb.
Legioner futbolçu hər iki qapıya qol vurmaqla yadda qalıb. O, "Sumqayıt"la ev oyununda (2:1) əvvəlcə hesabı açıb, ardınca avtoqol müəllifi olub.
Premyer Liqada sonuncu belə hadisə 427 gün əvvəl - ötən mövsüm yaşanmışdı. 2024-cü il noyabrın 24-də Orxan Əliyev "Sabah" – "Kəpəz" görüşündə (2:2) hər iki mənada fərqlənib. "Kəpəz"in futbolçusu XIII turda həm hesabı açıb, həm də avtoqolla bərabərlik topunu vurub. Lakin Hurtadodan fərqli Əliyev bunu ilk 45 dəqiqədə gerçəkləşdirib.
Haydersona qədər belə halla üzləşən sonuncu legioner isə Mateus Saldanya olub. O, 999 gün əvvəl - 2023-cü il mayın 2-də keçirilən "Neftçi" – "Qarabağ" görüşünün (2:4) 40-cı dəqiqəsində qonaqların, 15 dəqiqə sonra öz komandasının qapısına yol tapıb.