IMG-LOGO

Bəhreyn Nümayəndələr Şurasının sədri: Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstəririk

25 Jan 2026 20:40 4 baxış
IMG

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində Bəhreyn Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al-Musalam ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Bəhreyn Nümayəndələr Şurasının sədri Krallığın Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərdiyini bildirərək, ölkələrimiz arasında siyasi və iqtisadi sahələrdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində mövcud əməkdaşlığın bundan sonra da ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsində maraqlı olduqlarını qeyd edib.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən S.Qafarova Bəhreyn Krallığına ikinci dəfə səfər etdiyini qeyd edərək, ötən dövrlərdə Bəhreyn Krallığının parlament sədrlərinin də Azərbaycana səfərlərini və keçirilmiş görüşləri məmnunluqla xatırladıb. Milli Məclisin sədri hazırkı səfərin onun spiker qismində Bəhreyn Krallığına ilk rəsmi səfəri olduğunu və bu səfərin Azərbaycan ilə Bəhreyn arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etdiyini bildirib. O, Azərbaycanın ötən il Bəhreyndə səfirlik açmasının ikitərəfli münasibətlərimizi yeni mərhələyə daşıdığını deyib.

Qeyd olunub ki, səfər çərçivəsində Milli Məclisin sədri Asiya Parlament Assambleyasının 16-cı plenar iclasında da iştirak edəcək və bu platforma parlamentlərarası əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verir.

Siyasi təmasların, həyata keçirilən səfər və məsləhətləşmələrin əlaqələrin dərinləşməsində mühüm rol oynadığı vurğulanaraq, iqtisadiyyat, ticarət, investisiya, turizm, təhsil sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib. Xüsusən, humanitar sahələrdə əlaqələri qeyd edən Milli Məclisin sədri, ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın Bəhreyn Krallığına səfəri və bu səfər çərçivəsində "MAMA – Ana təbiət" sərgisinin Manamada yüksək səviyyədə təşkil olunmasını bu istiqamətdə mövcud olan münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğunu söyləyib.

Milli Məclisin sədri ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını vurğulayaraq, bu platformalarda Bəhreyn Krallığının Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib.

Dövlətlərarası əlaqələrin inkişafında parlament diplomatiyasının əhəmiyyətini qeyd edən S.Qafarova, Azərbaycan və Bəhreyn parlamentləri arasında mövcud olan fəal əməkdaşlığı yüksək qiymətləndirib. Bildirilib ki, parlamentlər həm ikitərəfli əsasda, həm də Parlamentlərarası İttifaq, Asiya Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi (QHPŞ) kimi beynəlxalq platformalar çərçivəsində uğurla əməkdaşlıq edir. Qeyd olunub ki, Azərbaycan Asiya Parlament Assambleyasında Bəhreyn parlamentinin sədrliyə namizədliyini dəstəkləyib və Assambleyaya sədrliyin Bəhreyn tərəfinə təhvil veriləcəyindən məmnunluq ifadə olunub. Eyni zamanda, QHPŞ çərçivəsində sıx əməkdaşlıqdan məmnunluq bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Xəbər lenti