IMG-LOGO

Aİ cinayətlə qazanılmış aktivlərin iqtisadiyyata qaytarılması mexanizmlərini müzakirə edib

24 Jan 2026 01:18 4 baxış
IMG

Aİ ölkələrinin ədliyyə və daxili işlər nazirləri görüşlərinin ikinci günündə cinayətkar qruplar tərəfindən qanunsuz əldə edilmiş aktivlərin Avropa iqtisadiyyatına qaytarılması yollarını müzakirə ediblər.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Kiprin ədliyyə və ictimai asayiş naziri Konstantinos Fitiris cümə günü Nikosiyada Kipr Respublikasının Aİ Şurasına altı aylıq sədrliyi çərçivəsində keçirilən görüşün nəticələrini yekunlaşdırıb.

Onun sözlərinə görə, müzakirə hakimiyyət orqanlarının cinayətkar qruplardan müsadirə olunmuş aktivləri ələ keçirmək səlahiyyətlərinin genişləndirilməsinə yönəlib. K.Fitiris qeyd edib ki, mütəşəkkil və sərhədyanı cinayətkarlığa qarşı mübarizə Kiprin sədrliyinin əsas təşəbbüslərindən biridir.

"Söhbət cinayətkar qruplar tərəfindən qanunsuz ələ keçirilmiş və əllərində qaldıqları müddətcə qanunsuz fəaliyyətin genişlənməsinə səbəb olan aktivlərdən gedir. Buna görə də, hakimiyyət orqanları bu aktivlərin iqtisadiyyata qaytarılması üçün pulların gizlədilməsi və yuyulmasının yeni üsullarına qarşı effektiv mübarizə aparmalıdırlar", - K.Fitiris bildirib.

Kiprin Ədliyyə Nazirliyinin rəhbəri müzakirənin Aİ nazirləri arasında mövcud hüquqi sənədlərdən daha səmərəli istifadə etməklə bu təhdidlərin qarşısının alınmasının vacibliyi barədə ortaq anlayış nümayiş etdirdiyini vurğulayıb. O, mənimsənilmiş aktivlərin müsadirəsinə icazə verən son Aİ direktivinin tətbiqini əsas mexanizmlərdən biri kimi qeyd edib.

Bundan əlavə, K.Fitiris qeyd edib ki, görüş iştirakçıları şəxsi məlumatların qorunması da daxil olmaqla, fundamental hüquqlara tam hörmət etməklə yanaşı, milli və Avropa səviyyələrində maliyyə cinayətlərinin aşkarlanması və aktivlərin bərpası üçün özəl-dövlət tərəfdaşlığının vacibliyini qəbul edirlər.

Xəbər lenti