IMG-LOGO

Payızda peyvənd olunmaq lazımdır - Yayılan xəstəliklə bağlı nazirlikdən AÇIQLAMA

15 Sep 2026 10:06 4 baxış
IMG
2 0

Bir neçə gün əvvəl havaların yağıntılı keçməsi boğaz ağrısı ilə müşayiət olunan xəstəliklərin yayılmasına səbəb olub.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, havaların soyuması respirator infeksiyalara şərait yaradır:

Soyuq havalarda insanların qapalı və az havalandırılan məkanlarda daha çox vaxt keçirməsi, həmçinin mövsümi virusların dövriyyəsinin artması bu infeksiyalara yoluxma hallarının çoxalmasına səbəb ola bilər. Bu dövrdə boğaz ağrısı, burun axması, öskürək və halsızlıq kimi əlamətlərə daha çox rast gəlinməsi mümkündür.

Bu infeksiyalardan qorunmaq üçün sadə və gündəlik profilaktik tədbirlərə əməl etmək kifayətdir: əllərin müntəzəm olaraq sabunla ən azı 20 saniyə yuyulması və ya spirt əsaslı dezinfeksiyaedici vasitələrdən istifadə olunması, otaqların gün ərzində dövri olaraq havalandırılması, xəstə şəxslərlə sıx təmasların məhdudlaşdırılması, öskürək və asqırma zamanı dirsək bükümündən və ya birdəfəlik dəsmallardan istifadə edilməsi. Bundan əlavə, kifayət qədər yuxu, balanslaşdırılmış qidalanma və maye qəbulu ümumi sağlamlığın qorunmasına kömək edir.

Ümumdünya Səhiyyə Təşkilatının təhlillərinə əsasən, mövsümi qripə qarşı profilaktik peyvənd qripə yoluxma və xəstəliyin ağırlaşması riskinin azaldılmasında mühüm rol oynayır. Vaksinasiya üçün ən əlverişli dövr qrip mövsümünün başlanmasından əvvəlki dövr, xüsusilə payız ayları hesab olunur. İmmunitetin formalaşması təxminən 2 həftə çəkir. Bununla belə, vaksinasiya qrip mövsümü ərzində də həyata keçirilə bilər.

Vaksinin hər hansı komponentinə və ya əvvəlki dozasına qarşı təsdiqlənmiş anafilaktik (ağır allergik) reaksiya tarixçəsi onun istifadəsinə əks göstəriş sayılır. Yüksək hərarətlə müşayiət olunan kəskin xəstəlik zamanı vaksinasiya müvəqqəti olaraq təxirə salına bilər və şəxs sağaldıqdan sonra peyvənd oluna bilər. Yüngül kataral əlamətlər və ya normal hərarət zamanı peyvəndin təxirə salınması tələb olunmur. Qiyen-Barre sindromu (GBS) keçirmiş şəxslərdə isə vaksinasiya ilə bağlı qərar fərdi qaydada, həkim tərəfindən risk və faydalar nəzərə alınmaqla qiymətləndirilməlidir”.

Səhiyyə Nazirliyi xəstəlik respirator viruslar İnfeksionist

Mənbə: lent.az

Xəbər lenti