Yeni Klinikada üzərində ilk robotik cərrahi əməliyyat keçirilən pasiyent bu gün evə buraxılıb.
"Report" xəbər verir ki, robotik cərrahi əməliyyatla xolesistektomiya əməliyyatı olunan 2003-cü il təvəllüdlü pasiyent (kişi) 24 saat müşahidə altında həkim nəzarətində saxlanılıb.
Xatırladaq ki, Yeni Klinikada robotik cərrahi əməliyyatların icrasına başlanılıb. İlk dəfə bu il yanvarın 22-də 2003-cü il təvəllüdlü pasiyent üzərində icra olunan robotik xolesistektomiya (öd kisəsinin cərrahi yolla çıxarılması) əməliyyatı uğurla başa çatıb.
Məlumat üçün bildirilib ki, bu cür cərrahi əməliyyatlarda konsol cərrahi birbaşa xəstəyə toxunmur, bütün müdaxilələr robot sistemi üzərindən həyata keçirilir. O, 3D və 12 qat böyütməklə yüksək dəqiqlikli görüntü sistemi altında çalışaraq əməliyyat sahəsini ətraflı şəkildə izləyir. Robot qollarının bütün hərəkətlərini - kəsmə, tikiş, disseksiya və digər cərrahi manipulyasiyaları - joystiklər vasitəsilə dəqiqliklə icra edir.