IMG-LOGO

Hərbi Prokurorluqda 2025-ci ilin yekunlarına dair kollegiya iclası keçirilib

23 Jan 2026 16:31 3 baxış
IMG

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Hərbi Prokurorluqda 2025-ci ilin yekunlarına dair kollegiya iclası keçirilib.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

Hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini - hərbi prokuror ədliyyə general-mayoru Bəhruz Əhmədov qeyd edib ki, 2025-ci ildə hərbi prokurorluq orqanları tərəfindən qeydə alınan cinayət hadisələrinin 99,7 %-nin açılması təmin edilib.

Hesabat ilində qeydə alınan hərbi xidmət əleyhinə cinayətlərin sayında 21.3 % azalma müşahidə edilib.

2025-ci ildə Hərbi Prokurorluq üzrə "962-Etimad xətti" yaradılıb, fəaliyyətdə olduğu 4 aylıq müddət ərzində həmin əlaqə vasitəsilə daxil olan 219 müraciətə baxılıb.

Bundan başqa, qeyd olunub ki, 2025-ci ildə Hərbi Prokurorluq orqanlarına daxil olan 1001 müraciətə müvafiq qaydada baxılıb, eləcə də 3702-si bilavasitə hərbi hissələrdə olmaqla ümumilikdə 5911 vətəndaş qəbul edilərək dinlənilib, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilib.

Hesabat dövründə hərbi prokurorluq orqanları əməkdaşları tərəfindən qanunvericiliyin təbliği ilə bağlı çoxsaylı tədbirlər keçirilib, 99 dəfə mətbuatda, 18 dəfə televiziyada, 41 dəfə internetdə, 3 dəfə radioda çıxışlar edilib.

Çıxış zamanı, həmçinin vurğulanıb ki, hesabat ilində korrupsiyaya qarşı mübarizə sahəsində də fəaliyyət uğurla davam etdirilib.

Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev hərbi prokurorluq orqanları əməkdaşlarının Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edəcəklərinə, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasına, qanunun aliliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə, eləcə də dövlətin qüdrətlənməsinə xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutacaqlarına əminliyini ifadə edərək, onlara uğurlar arzu edib.

Xəbər lenti