IMG-LOGO

Tural Əliyev: "İnvestorlarla "Black Sea Energy" ilə bağlı danışıqlar aparılır"

23 Jan 2026 11:58 3 baxış
IMG

Hazırda potensial investorlarla "Yaşıl Enerji Dəhlizi" layihəsi ("Black Sea Energy") ilə bağlı əməkdaşlıq modelləri müzakirə olunur.

"Report" xəbər verir ki, bunu "Yaşıl Enerji Dəhlizi" birgə müəssisəsinin baş direktoru Tural Əliyev ADA Universitetində Beynəlxalq Təmiz Enerji Günü münasibətilə keçirilən dəyirmi masada bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində Xəzər regionundan külək enerjisinin Qara dənizin dibi ilə Avropaya nəqli istiqamətində genişmiqyaslı işlər aparılır.

"Layihənin texniki-iqtisadi əsaslandırması artıq başa çatıb və hazırda tərəflər potensial investorlarla mümkün əməkdaşlıq modellərini müzakirə edirlər", - T. Əliyev qeyd edib.

Xatırladaq ki, Xəzər-Qara dəniz-Avropa yaşıl dəhlizi layihəsi üzrə birgə müəssisənin yaradılması haqqında Anlaşma Memorandumu 25 iyul 2023-cü il tarixində Gürcüstan, Macarıstan, Rumıniya və Azərbaycan arasında imzalanıb.

Qara dəniz sualtı kabel layihəsi Gürcüstan və Rumıniyanı birbaşa birləşdirəcək və Cənubi Qafqaz və Cənub-Şərqi Avropanın enerji sistemlərini bir-birinə bağlayacaq ən böyük infrastruktur layihəsidir. Sualtı kabelin uzunluğu 1 155 km-dən çox olacaq (1 115 km suyun altında və 40 km quruda), gərginliyi 525 kV, gücü isə 1 300 MVt olacaq. Qara dəniz vasitəsilə sualtı elektrik kabelinin tikintisinin 2032-ci ildə başa çatması planlaşdırılır.

Xəbər lenti