Bərpa olunan enerji sahəsinə investisiyaların cəlb olunması ilə bağlı müəyyən çətinliklər var.
"Report" xəbər verir ki, bunu BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ADA Universitetində Beynəlxalq Təmiz Enerji Günü münasibətilə keçirilən dəyirmi masada bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda neft-qaz fəaliyyətindən əldə olunan gəlirlər həm də bərpa olunan enerji sahəsinə yönəldilir: "Həmin bərpa olunan enerji isə yenidən neft-qaz əməliyyatlarının karbonsuzlaşdırılmasına istiqamətləndirilir. Hətta gələcəkdə biz "Şahdəniz" layihəsi üzrə platformalara da elektrik kabeli çəkməklə həm "Alfa", həm də "Bravo" platformalarının elektrikləşdirilməsi ilə bağlı planlarımızı həyata keçirməyi nəzərdə tuturuq. Yəni nəticə etibarilə bu layihə, qeyd etdiyim kimi, sadəcə bir günəş-elektrik istehsal layihəsi deyil. Eyni zamanda bu modelin özü elektrik enerjisinin mövcud neft-qaz sənayesinin karbonsuzlaşdırılmasına sərf olunmasını əks etdirir".
B.Aslanbəyli qeyd edib ki, bərpa olunan enerji sahəsinə investisiyaların cəlb olunmasının öz çətinlikləri var: "Burada investisiyanın geri dönüşü və rentabellik ilə bağlı məsələlər mövcuddur. Bu model sayəsində həmin rentabellik məsələləri də qismən həll olunmuş olur və eyni zamanda neft-qaz sahəsinin də karbonsuzlaşdırılmasına mühüm töhfə verilir. Bundan başqa, kadr potensialının formalaşdırılması da çox vacib məsələdir. Bu sahə inkişaf etdirdikcə, insan kapitalının formalaşması mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə tədris proqramları həyata keçiririk və çox şadam ki, bu sahədə bizim də müəyyən layihələrimiz, töhfələrimiz var".