IMG-LOGO

Prezidentin UEFA-ya ismarışı – Avropa qurumlarının haqsızlıq şakəri - ŞƏRH

22 Jan 2026 15:58 2 baxış
IMG

Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda "Ayntraxt" üzərində 3:2 hesablı qələbə qazanması münasibətilə təbrik edib.

Dövlət başçısı bu barədə sosial şəbəkə hesablarında paylaşım edib: "Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm! Hakimin qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı.

Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!"

Qeyd edək ki, Azərbaycanın Ağdam şəhərinin "Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda Almaniyanın Frankfurt şəhərinin "Ayntraxt" komandası ilə qarşılaşıb.

Ağdam təmsilçisinin heyətində Kamilo Duran 4 və 80-ci, Bəhlul Mustafazadə isə 90+4-cü dəqiqədə qələbə qolunu vurub.

Bununla da "Qarabağ" kubu Çempionlar Liqasının Liqa mərhələsində xallarının sayını 10-a çatdırıb.

Qeyd edək ki, komandamız yanvarın 29-da sonuncu - VIII turda İngiltərənin "Liverpul" komandasının qonağı olacaq.

Yeri gəlmişkən, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov hakimin oyunu idarə etməsinə münasibət bildirərkən deyib: "Hakimlə bağlı lazım olan şərhi Prezident İlham Əliyev verib".

Baş məşqçi dəstəyinə görə dövlət başçısına təşəkkür edib.

"Ayntraxt" klubunda baş məşqçi səlahiyyətlərini icra edən Dennis Şmitt isə bildirib: "Qalib gəlmək istəyirdik. Lakin matça yaxşı başlamadıq. Düzdür, sonradan toparlandıq, hətta üstünlüyü də ələ ala bildik. Ancaq daha sonra işlər qaydasında getmədi. Fasilədə futbolçularla danışdıq. İkinci yarıda "Qarabağ" çox pressinq edirdi. İntizamlı oynamağa çalışırdıq".

Prezident İlham Əliyevin şərhində də vurğulandığı kimi, Azərbaycan çempionu qalib gəlsə də, oyunun baş hakimi Sandro Şerer çoxsaylı mübahisəli və ədalətsiz qərarları ilə yadda qalıb.

O, 1988-ci il iyunun 6-da İsveçrənin Büttikon şəhərində anadan olub. 2015-ci ildən FİFA-nın hakimləri siyahısına daxil edilib. Bundan başqa, Şerer 2016-cı ildən hakimlik fəaliyyəti ilə yanaşı, Fransa Futbol Federasiyasının hakimləri üçün istedadların inkişafı proqramı olan Hakimlər Akademiyasına rəhbərlik edir. UEFA-nın elit hakimlərindən sayılan Şerer həm də yüksəksəviyyəli klubların oyunlarını idarə edərkən səhv, ədalətsiz qərarlar verməklə yadda qalıb.

O, Çempionlar Liqasının 2024-cü ildə keçirilən yarımfinalında Almaniyanın "Bavariya" komandası ilə İspaniyanın "Real" (Madrid) klubunun qarşılaşmasını idarə edib. Şerer sonuncu dəqiqədə İspaniya çempionunun vurduğu qolu qeydə almamaqla böyük qalmaqalın yaşanmasına səbəb olub.

Bu hakim ilk dəfə 2018-ci ildə "Qarabağ"ın oyununu idarə edib. Ağdamlılar Avropa Liqasının qrup mərhələsində Ukraynanın "Vorskla" komandası ilə səfərdə qarşılaşıb. Görüş "köhlən atlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatsa da, onun idarəetməsində səhvlər qeydə alınmışdı.

Şerer 2020-ci ildə də Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın Türkiyə "Sivasspor"u ilə oyununun baş hakimi olub. Bu görüş təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb – 0:2.

Dövlət başçısının da vurğuladığı kimi, bu, "Qarabağ"a qarşı ilk hakim ədalətsizliyi deyil. Azərbaycan çempionu 2014-cü il dekabrın 11-də UEFA Avropa Liqasının qrup mərhələsində "İnter"lə (İtaliya) oyunda hakim ədalətsizliyi ilə üzləşmişdi. 90+4-cü dəqiqədə Riçard Almeydanın zərbəsindən sonra top "İnter"in futbolçusu Donkora toxunaraq qapıya daxil olsa da, yan xətt hakimi oyundankənar vəziyyət qeydə almış, baş hakim Miroslav Zelinka da onun qərarını təsdiqləmişdi. Nəticədə görüş qolsuz başa çatmışdı.

Həmin il dekabrın 17-də Prezident İlham Əliyev "Qarabağ" futbol klubunun üzvlərini qəbul edərkən çıxışında bildirmişdi: "İdmanda, əfsuslar olsun ki, bəzi hallarda hakimlərin ədalətsiz qərarı həlledici olur. Mən idmanla yaxından maraqlanan, eyni zamanda, idmana rəhbərlik edən insan kimi dəfələrlə onun şahidi olmuşam ki, beynəlxalq yarışlarda, hətta fərdi idman növlərində də bizim idmançılarımıza qarşı ədalətsizlik göstərilib".

Dövlət başçısı komandanın qələbəsinin əlindən alınmasını belə şərh etmişdi: "Təmiz, halal qələbəni komandanın əlindən almaq böyük ədalətsizlik və idman aləmində cinayətdir. Ona görə hesab edirəm ki, bu cinayəti, idman cinayətini törətmiş hakim briqadası öz cəzasını almalıdır. Əks təqdirdə, bu, başadüşülən olmayacaq".

Prezident oyunçulara təskinlik olaraq demişdi: "Çünki sizin bütün fikirləriniz artıq növbəti mərhələdə idi. O mərhələdə siz çıxış etməli idiniz. Bu qələbə sizdən vicdansızcasına oğurlanıb. Ancaq həyat davam edir. Bu ədalətsizlik sizi ruhdan salmamalıdır".

Həmin illərdə Azərbaycanın Qarabağ bölgəsi və ətraf rayonlar işğal altında idi. Onda "Qarabağ"ın oyunu bir futbol klubunun çıxışı deyildi. Komandaya qarşı UEFA hakimlərinin ədalətsizlikləri həm də Qərbin Azərbaycan torpaqlarının işğal altında saxlanılmasına eyni mövqe nümayiş etdirməsi kimi dəyərləndirilirdi.

Ona görə də Prezident "Qarabağ" komandası ilə görüşdə vurğulamışdı: "Klubun adı "Qarabağ"dır, bu da sizin üzərinizə əlavə məsuliyyət qoyur. Əminəm ki, gələcək illərdə siz bu gözəl adı şərəflə, ləyaqətlə daşıyacaqsınız və "Qarabağ" klubu Azərbaycan xalqını yeni qələbələrlə sevindirəcək".

Klub hakimin səhv qərarından şikayət etmişdi. UEFA hakimlərin səhvini etiraf edərək cəzalandırılacağını bildirsə də, oyunun nəticəsini dəyişməmişdi.

Bu hadisə "Qarabağ"ın tarixində ciddi haqsızlıq kimi qeyd olunur. UEFA baş hakim Miroslav Zelinkanı "Araz-Naxçıvan" - "Omoniya" (Kipr) qarşılaşmasına təyin edib. O, matç zamanı AVAR-da əyləşib.

2022-ci ilin sentyabrında UEFA "Qarabağ"a qarşı ədalətsizlik etmişdi. Onda Azərbaycan klubu Avropa Liqasında Fransanın "Nant" komandasına qarşı oynayırdı. "Qarabağ" UEFA-ya Azərbaycanın suverenliyi uğurunda həlak olmuş hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi xahişinə "yox" cavabı vermişdi.

Fransız hakimlərin "ədaləti" sayəsində "Qarabağ"ın Almaniya "Frayburq"una uduzdurulması da çoxsaylı haqsızlıqlardandır.

2021-ci ilin avqustunda Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiprin AEL klubu ilə qarşılaşmada yaşanan qalmaqalı da yada salaq. Ağdam klubu 90+3-cü dəqiqədə hesabı bərabərləşdirəndən sonra yunan azarkeşlər "Qarabağ"ın oyunçularına qarşı "tərbiyələrini" nümayiş etdirmişdilər. Aranın qarışdığını görən hakim komandaları meydandan çıxarıb.

Ancaq Qurban Qurbanov geri qayıdaraq meydanda nümayişkaranə şəkildə üzü yunan azarkeşlərə tərəf durmuş, bununla azğın tamaşaçılardan çəkinmədiyini göstərmişdi.

Həmçinin, 2021-ci ilin dekabrında ağdamlılar UEFA bayrağı altında çıxış etdiyi növbəti qarşılaşmada hakim ədalətsizliyi ilə qarşılaşmışdı. Onda "Qarabağ" İsveçrədə "Bazel"ə qarşı keçirdiyi UEFA Konfrans Liqasının qrup oyununda haqsızlıqla üzləşmişdi. Qarşılaşmanın 2-ci dəqiqəsində İbrahima Vacinin ötürməsindən sonra Abdullah Zubir topu qapıdan keçirsə də, görüşün xorvatiyalı baş hakimi Fran Yoviç onu qeydə almamışdı.

Ümumiyyətlə, "Qarabağ"a qarşı təxribatlar zaman-zaman özünü müxtəlif formalarda göstərib. Məsələn, 2013-cü ildə Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Polşada yerli "Piast" ilə qarşılaşmada separatçıların "simvolu" stadionun tribunasında asılmışdı. Ağdam klubunun müdaxiləsindən sonra qondarma rəmz oradan yığışdırılmışdı.

Qısaca qeyd etdiyimiz bu faktlar "Qarabağ"ın yaşadıqlarının kiçik bir hissəsidir.

Azərbaycanın bu komandası təkcə stadionda, qarşılaşmada hakim ədalətsizlikləri deyil, eyni zamanda, tribunalarda onlara qarşı olan azarkeşlərin etikadan uzaq hərəkət və çıxışlarına qarşı mübarizə aparıb, müqavimət göstərib.

Azərbaycan torpaqları işğal altında olan zaman Avropa İttifaqı (Aİ) münaqişənin həllində ədalətli vasitəçi ola bilmirdi. Onlar bir qayda olaraq işğalçı Ermənistanı müdafiə edər, Azərbaycana da belə ruhlu şərtlərini qəbul etdirməyə çalışardı. Hələ o vaxtdan rəsmi Bakının sərgilədiyi qətiyyətli mövqe nəhayət haqq-ədalətin zəfəri ilə nəticələndi.

Odur ki, UEFA belə ədalətsiz hakimləri ilə Aİ-yə çox bənzəyir. Bu, Avropadakı bəzi qurumların şakəridir.

Xəbər lenti