Azərbaycan hər zaman Dünya İqtisadi Forumunun toplantılarında diqqət mərkəzində olur.
Bunu "Report"a Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
Onun fikrincə, buna əsas verən Azərbaycanın daim liderliyini qoruması, sözünün imzası qədər əhəmiyyətini artırması, hər bir sahədə zəngin təcrübəyə malik olması, qlobal problemlərin həllində birgə səylərə çağırışlar edərək yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınması və sair kimi mühüm amillərdir:
"İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. 56-ci Dünya İqtisadi Forumu da Azərbaycan üçün səmərəlidir".
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin bir sıra ölkələrin dövlət və hökumət başçıları, tanınmış şirkətlərin rəhbərləri ilə görüşlərində dövlətlər arasında əlaqələrin inkişafında əsas faktorlardan olan iqtisadi amilə xüsusi diqqət yönəldilərək əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanların mövcudluğu bir daha diqqətə çatdırıldı.
O bəyan edib ki, Dünya İqtisadi Forumunun növbəti sessiyası Azərbaycanın hazırda regionda və dünya siyasətində böyük rola malik olduğunu bir daha təsdiqləyir:
"Prezident İlham Əliyevə göstərilən böyük etimad, hər bir məsələdə ölkəmizin mövqeyinə verilən önəm səsləndirilən fikirlərdə özünün aydın ifadəsini tapır. Hər bir toplantı Azərbaycan-Dünya İqtisadi Forumu əlaqələrində yeni səhifənin başlanğıcıdır. Prezident İlham Əliyevin hər il Forumun toplantıları çərçivəsində keçirilən görüşlərdə əminliklə səsləndirdiyi fikir bu olur ki, gələcək daha uğurlu olacaq.
Ölkəmiz hər zaman əməkdaşlığa, sülhə, birliyə, həmrəyliyə çağırışlar edir. Yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə təbii ki, hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan qalib, bütövləşən Azərbaycanın mövqeyinə böyük ehtiyac var. 56-cı Dünya İqtisadi Forumu bunu bir daha təsdiqləyir".

