ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb.
"Report"un ABŞ bürosu xəbər verir ki, Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunda "20 Yanvar: Anım və xatırlama" tədbiri təşkil olunub.
Anım tədbirində Los-Ancelesdə yaşayan 60 nəfərədək soydaşımız iştirak edib. Tədbirin açılışında Azərbaycan himni ifa edilib, hadisələr zamanı və sonrakı dövrlərdə Vətən uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Baş konsul Vüqar Qurbanov qonaqlara 20 Yanvar hadisəsinin milli iradəmizin zəfərini təcəssüm etdirdiyini və bunun Azərbaycanın müstəqilliyinin bərpasına gedən yolda oynadığı rolu, habelə dövlətimizin 20 Yanvar və digər bütün şəhidlərimizin xatirəsini əməli olaraq uca tutduğunu vurğulayıb.
Daha sonra çıxış edən faciənin canlı şahidi Qəmər Xəlilova hadisələr barədə tədbir iştirakçılarına məlumat verib, xalqımıza qarşı törədilmiş qanlı cinayətlərlə yanaşı qoyulmuş informasiya blokadasının yarılması üçün göstərilmiş səylərlə bağlı xatirələrini bölüşüb.
Çıxışların ardınca musiqiçilər Emin Kərimi, Bəhmən Mirzəzadə və Əmir Bayat tərəfindən həzin ruhlu Azərbaycan musiqiləri ifa edilib. Musiqi ifalarından sonra Xəzər Dənizində fəaliyyət göstərən gəmiçilərin qəhrəmanlıqlarını özündə əks etdirən "20 yanvarda doğulanlar" filmi nümayiş edilib.
Həmçinin, tədbir zamanı 20 Yanvar faciəsini özündə əks etdirən sərgi nümayiş etdirilib. Tədbirdən sonra qonaqlar üçün ehsan süfrəsi açılıb.




