ABŞ Prezidenti Donald Trampın Sülh Şurası bu təşəbbüs çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub xüsusi siyasi və diplomatik məna daşıyır.
Bunu "Report"a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
O qeyd edib ki, bu müraciət ABŞ kimi aparıcı qlobal güc mərkəzinin Azərbaycanı beynəlxalq müstəvidə etibarlı, prinsipial və sülhə töhfə verən tərəfdaş kimi qəbul etdiyini aydın şəkildə nümayiş etdirir:
"Prezident İlham Əliyevin ünvanına göndərilən bu məktub ölkə başçımızın həyata keçirdiyi xarici siyasət kursuna verilən yüksək siyasi qiymətin ifadəsidir".
S.Salmanova vurğulayıb ki, məktubda Azərbaycanın Qəzza münaqişəsi ilə bağlı irəli sürülən təşəbbüs çərçivəsində təsis ediləcək Sülh Şurasına təsisçi üzv qismində qoşulmağa dəvət olunması ölkənin artan beynəlxalq nüfuzunun və diplomatik çəkisinin növbəti təsdiqidir:
"Azərbaycan bu dəvəti sülhün təşviqi, münaqişələrin siyasi-diplomatik yollarla həlli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi üçün mühüm platforma kimi dəyərləndirir. Müasir dünyada təhlükəsizlik bölünməzdir və dayanıqlı sülh yalnız qarşılıqlı etimad, dialoq və beynəlxalq hüququn aliliyi əsasında mümkündür. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə nümayiş etdirdiyi prinsipial mövqe, humanitar təşəbbüsləri və fəal çoxtərəfli diplomatik fəaliyyəti bu yanaşmanın real və praktik təzahürüdür".
Deputat hesab edir ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə irəli sürülən yeni sülh mexanizmində Azərbaycanın iştirakı Şuranın institusional potensialını daha da gücləndirəcək. O, bildirib ki, Azərbaycan multikultural dəyərlərə, dini dözümlülüyə və sivilizasiyalararası dialoqa əsaslanan zəngin təcrübəsini bu platformaya töhfə kimi təqdim etməyə hazırdır.
"Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bu təşəbbüsdə fəal və konstruktiv iştirakı Yaxın Şərqdə, eləcə də daha geniş beynəlxalq müstəvidə dayanıqlı sülhün, sabitliyin və rifahın təmin olunmasına mühüm töhfə verəcək. Bu proses Azərbaycanın qlobal sülh gündəliyində tutduğu mövqenin daha da möhkəmlənməsinə və ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbulunun dərinləşməsinə xidmət edir".

