Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Misirə səfəri çərçivəsində ölkənin müftisi Nazir Məhəmməd Ayad ilə görüşüb, dini sahədə əməkdaşlıq müzakirə olunub.
Bu barədə "Report"a Komitədən məlumat verilib.
Bildirilib ki, Dövlət Komitəsinin sədri iki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələrin bir çox sahələrdə, o cümlədən dini müstəvidə əməkdaşlığın dinamik şəkildə inkişafına zəmin yaratdığını vurğulayıb.
R. Məmmədov "İslamda peşələr: süni intellekt əsrində etikamız, onun təsiri və gələcəyi" mövzusunda keçirilən konfransı müxtəlif ölkələrdən olan alim və mütəxəssislər arasında fikir mübadiləsi üçün səmərəli platforma kimi dəyərləndirərək, tədbirin Azərbaycan-Misir münasibətlərinin daha da möhkəmlənməsi, dini və elmi dialoqun genişlənməsinə mühüm töhfə verəcəyinə əmin olduğunu bildirib.
Misirin müftisi Nazir Məhəmməd Ayad Dövlət Komitəsi sədrinin beynəlxalq konfransda iştirakını əməkdaşlığa verilən önəmin bariz göstəricisi kimi dəyərləndirib. Qeyd edib ki, Azərbaycanın dinlərarası dialoqun təşviqində, elmi və akademik müzakirələrdə fəal iştirak etməsi Misirin beynəlxalq platformalarda mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Görüşdə təcrübə mübadiləsinin genişləndirilməsi, bu çərçivədə Azərbaycan İlahiyyat İnstitutu ilə Misirin ali təhsil müəssisələri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.


