Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Karnegi Fondunun Rusiya və Avrasiya Mərkəzinin rəsmi saytında 7 yanvar tarixində dərc edilmiş, Bəşir Kitaçayevin müəllifi olduğu "Azərbaycanın "Nə müharibə, nə də sülh" strategiyası Ermənistanla yaxınlaşmanı məhdudlaşdırır" sərlövhəli məqaləsinə cavab verib.
"Report"un xəbərinə görə, qurumun cavabında bildirilib ki, sözügedən məqalə Karnegi Fondunun Rusiya və Avrasiya Mərkəzinin istər aktiv münaqişə dövründə, istərsə də hazırkı sülh prosesi kontekstində Ermənistan-Azərbaycan münasibətlərinə dair birtərəfli mövqe nümayiş etdirdiyi ilk nümunə deyil:
BMTM-də hesab edirlər ki, bu ideoloji sərtlik Ermənistan və Azərbaycan arasında baş verən proseslərin balanslı və obyektiv şəkildə qiymətləndirilməsinə mane olur:
"Sözügedən məqalədə iddia olunur ki, Azərbaycanın postmünaqişə strategiyası qeyri-müəyyən xarakter daşıyır. Başqa sözlə, Azərbaycan rəsmi səviyyədə sülh gündəliyini təşviq etsə də, daxili siyasi məqsədlər naminə Ermənistanla bağlı düşmənçilik narrativlərini qoruyub saxlayır. Məqaləyə görə, Azərbaycanda sülh son məqsəd kimi deyil, xarici düşmən obrazının saxlanılması yolu ilə idarə olunan və nəzarətdə saxlanılan vəziyyət formalaşdırmağa yönəlmiş vasitə kimi nəzərdən keçirilir. Aydındır ki, bu interpretasiya proseslərin selektiv təhlilinə əsaslanır və keçmiş Ermənistan-Azərbaycan münaqişəsini, eləcə də hazırkı sülh prosesini formalaşdıran hüquqi, tarixi və struktur reallıqları nəzərə almır".
BMTM vurğulayıb ki, məqalədə Ermənistanda siyasi ritorikada, ictimai müzakirələrdə, tədris materiallarında və sosial mediada mövcud olan anti-Azərbaycan əhval-ruhiyyəsinə diqqət yetirilmir, bu isə müəllifin asimmetrik yanaşma ortaya qoyduğunu göstərir.
"Məqalənin növbəti hissəsində iddia edilir ki, Azərbaycan rəsmilərinin "tarixi Azərbaycan torpaqları" ifadəsinə istinadları Ermənistana qarşı davam edən ərazi iddialarının mövcudluğuna işarə edir. Halbuki Azərbaycanın rəsmi mövqeyi, Prezident İlham Əliyev tərəfindən dəfələrlə bəyan edildiyi kimi, münaqişənin artıq başa çatdığı və Bakının Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığıdır".
Qeyd edilib ki, əksinə, Ermənistan Konstitusiyası və digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı açıq ərazi iddiaları mövcuddur ki, bu da iki ölkə arasında dayanıqlı və davamlı sülhün əldə edilməsinə əsas maneələrdən biridir:
Xatırladılıb ki, 2025-ci il Azərbaycan-Ermənistan arasında sülh prosesində bir sıra önəmli hadisələrlə yadda qalıb və Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün real baza yaradıb:
"Vaşinqton Bəyannaməsində də qeyd olunduğu kimi, razılaşdırılmış mətnlərdən dayanıqlı sülhə keçid praktik addımların atılmasını tələb edir. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, dayanıqlı sülhün təmin olunması üçün keçmiş münaqişənin institusional qalıqları aradan qaldırılmalıdır. Bu, xüsusilə Ermənistan Konstitusiyası və digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı nəzərdə tutulan ərazi iddialarına dair müddəaların ləğv edilməsi ilə bağlıdır".
Cavabda vurğulanıb ki, Azərbaycan praktiki addım olaraq öz ərazisi vasitəsilə Qazaxıstan və Rusiya taxıllarının Ermənistana tranzitinə icazə verib ki, bu, münaqişə illəri ərzində mövcud olmayan bir təcrübədir:
"Daha bir önəmli addım olaraq, Bakı yaxın zamanda Gürcüstan marşrutu vasitəsilə Ermənistana neft məhsullarının çatdırılmasını təmin edib. Bu addımlar Azərbaycanın normallaşmaya və tərəflər arasında etimadın artırılmasına hazır olduğunu açıq şəkildə göstərir.
Buna baxmayaraq, Karnegi Fondunun Rusiya və Avrasiya Mərkəzinin timsalında bəzi araşdırma mərkəzləri hələ də selektiv, asimmetrik və qərəzli analitikaya əsaslanaraq Azərbaycanın postmünaqişə dövrü siyasətinə şübhə ilə yanaşmaqda davam edir. Həmçinin məzmunlu dialoq çağırışlarını görməzdən gələrək BMTM tərəfindən edilən müraciətlərə cavab verməkdən imtina edir".