Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə ölkə vətəndaşlarının 83 %-i etimad göstərir.
"Report" xəbər verir ki, bu barədə "Xabar" informasiya agentliyi Qazaxıstan Strateji Tədqiqatlar İnstitutunun keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb.
Sorğuda ölkənin bütün bölgələri və respublika əhəmiyyətli üç şəhərdən 8 min respondent iştirak edib. Sorğunun nəticələrinə görə, vətəndaşların 75,9 %-i Qazaxıstanın düzgün istiqamətdə irəlilədiyini düşünür. Ən böyük optimizm 18-29 yaş arasındakı gənclər arasındadır.
Sakinlər məktəblərin tikilməsi və modernləşdirilməsi, kənd təsərrüfatının inkişafı, biznesə dəstək, həmçinin "Taza Qazaxıstan" aksiyaları və məişət zorakılığına qarşı mübarizə kimi istiqamətlərdə real dəyişiklikləri qeyd ediblər.
Bundan əlavə, respondentlərin təqribən 90 %-i Qazaxıstanla, həmçinin öz vətəndaşlığı ilə qürur duyur və perspektivdə ölkənin aqrar-sənaye kompleksində, rəqəmsallaşmada, energetikada, nəqliyyatda və insan kapitalının inkişafında lider ola biləcəyinə inanırlar.