IMG-LOGO

Nazirlik: Azərbaycan Gürcüstan üçün əsas turizm gəliri formalaşdıran ölkələr sırasındadır

21 Jan 2026 12:55 3 baxış
IMG

Ötən il ərzində Azərbaycandan Gürcüstana turist axını kəskin artıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin açıqlamasında qeyd olunub.

Məlumata görə, 2025-ci il ölkənin turizm sektoru üçün gəlirlər baxımından rekord göstəricilərlə yadda qalıb. İl ərzində turizmdən əldə olunan gəlirlər illik 6 faiz artaraq 4,69 milyard ABŞ dollarına çatıb.

Rəsmi statistikada Azərbaycandan Gürcüstana səfərlərin xüsusi paya malik olduğu vurğulanır. Belə ki, 2025-ci ildə Azərbaycandan gələn turistlər hesabına əldə olunan gəlirlər 32,5 faiz artaraq 223,3 milyon dollara yüksəlib. Bu göstərici Azərbaycanı Gürcüstan üçün əsas turizm gəliri formalaşdıran ölkələr sırasında ön mövqelərdən birinə çıxarıb.

Nazirliyin məlumatına əsasən, ümumilikdə turizm sektorunda artım dinamikası ilin son rübündə daha da sürətlənib. 2025-ci ilin dördüncü rübündə səyahətdən əldə olunan gəlirlər 9,2 faiz artaraq 1,05 milyard dolları ötüb.

Qeyd edilib ki, Gürcüstana turizm gəlirlərinin artımında Azərbaycanla yanaşı, İsrail, Avropa İttifaqı ölkələri, Səudiyyə Ərəbistanı, Ermənistan və Ukrayna kimi bazarların payı da artıb. Lakin Azərbaycandan gələn turistlərin xərclərinin artım tempi ən yüksək göstəricilərdən biri kimi dəyərləndirilir.

Xəbər lenti