IMG-LOGO

Amerika Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

21 Jan 2026 04:52 4 baxış
IMG

Amerika Universitetində 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı anım tədbiri keçirilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, Birləşmiş Ştatların paytaxtında Amerika Universitetinin Vaşinqton Hüquq Kollecində 20 Yanvar – Ümumxalq Hüzn Gününün 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə səfirliyin əməkdaşları, ABŞ dövlət qurumlarının nümayəndələri, diplomatik korpus üzvləri, azərbaycanlı icmasının təmsilçiləri, bu ölkədə təhsil alan azərbaycanlı və xarici tələbələr, eləcə də media nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Amerika Universitetinin Vaşinqton Hüquq Kollecinin direktor müavini, hüquq üzrə elmlər doktoru namizədi Şəlalə Vəliyeva 1990-cı il 20 yanvar tarixində Sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi qanlı hadisələrin Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdığını vurğulayıb. O, 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin həlledici dönüş nöqtəsi olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Amerika Universitetinin Vaşinqton Hüquq Kollecinin beynəlxalq və müqayisəli hüquq araşdırmaları üzrə direktoru, hüquq profesoru Padideh Alai bu kimi faciələrin yaddaşlarda yaşadılmasının və beynəlxalq ictimaiyyətə düzgün şəkildə çatdırılmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, belə hadisələr bu gün də baş verir və bəşəriyyət hadisələrin mahiyyətini dərk etməlidir.

Azərbaycan Respublikasının ABŞ-də fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim çıxışında 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik iradəsini sındıra bilmədiyini, əksinə, milli birliyi və azadlıq əzmini daha da gücləndirdiyini vurğulayıb. Səfir qeyd edib ki, bu cür faciələrin bir daha təkrarlanmaması üçün tarixi həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq vacibdir. O, 20 Yanvar şəhidlərinin həyatlarını xalqın gələcəyi naminə qurban verdiyini, onların xatirəsinin Azərbaycanda daim dərin ehtiramla yad edildiyini bildirib.

Saratoqa Fondunun prezidenti Qlen Hovard çıxışında 20 Yanvar hadisələrini Azərbaycan dövlətçiliyinin və milli kimliyinin bərpası yolunda atılan ilk mühüm addım kimi dəyərləndirib. Onun sözlərinə görə, bu faciə keçmiş Sovet İttifaqında yaşayan və azadlıq arzusunda olan digər xalqlara da ilham verib. Q.Hovard Azərbaycanın son illərdə keçdiyi inkişaf yoluna toxunaraq Qarabağın işğaldan azad edilməsinin Azərbaycan xalqının milli azadlıq mübarizəsini daha da əlamətdar etdiyini vurğulayıb.

Tədbir sual-cavab sessiyasi və iştirakçılar arasında fikir mübadiləsinin aparıldığı netvörkinq qəbulu ilə davam edib.

Xəbər lenti