Afinada Türkiyə və Yunanıstan arasında siyasi dialoqun beşinci mərhələsi keçirilib.
Bu barədə "Report"un yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Məlumata görə, görüş iki ölkənin xarici işlər nazirlərinin müavini səviyyəsində baş tutub.
Türkiyə XİN başçısının müavini Mehmet Kamal Bozay və Yunanıstanın xarici işlər nazirinin müavini Aleksandra Papadopulunun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüşdə ötən ilin iyununda Ankarada baş tutan əvvəlki siyasi dialoqdan sonra baş verən inkişaflar nəzərdən keçirilib.
Görüşdə eyni zamanda qarşıdakı dövrdə Türkiyədə keçirilməsi planlaşdırılan altıncı Yüksək Səviyyəli Əməkdaşlıq Şurası iclasına hazırlıqlar müzakirə edilib, ikitərəfli və beynəlxalq səviyyələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair birgə öhdəliklərini təsdiqlənib.
Bundan əlavə, tərəflər regional və beynəlxalq məsələlərdə mövcud inkişaflar barədə fikir mübadiləsi aparıblar.