Məşhur qədim yunan stoiki Xrisipp (e.ə. 279–206) 73 yaşında nadir bir hadisə nəticəsində - gülməkdən dünyasını dəyişib. Bu barədə tarixçi Diogen Laertiy yazır və filosofun ölümünə dair bir neçə versiya açıqlayıb.
Lent.az xarici mediaya istinadla bu barədə məlumatı təqdim edir.
Xrisipp Kilikiyanın Soli şəhərindən idi. Gənclik illərində Afinaya köçərək stoik filosof Kleantın şagirdi oldu. Müəlliminin ölümündən sonra stoik məktəbinə rəhbərlik etdi və Kitionlu Zenonun əsas doktrinalarını inkişaf etdirərək “Stoizmin ikinci qurucusu” titulunu qazandı.
Versiyalardan birinə görə, Xrisippin ölümü ziyafətdən sonra baş verib. O, durulaşdırılmamış (qatı) şərab içib. Daha məşhur olan digər hekayədə isə deyilir ki, o, bir eşşəyin əncir yediyini görüb və belə deyib: “İndi eşşəyə təmiz şərab verin ki, ənciri içib keçirsin!” — bundan sonra isə gülməkdən ölüb. Diogen Laertiy qeyd edir ki, filosof “çox güldüyünə görə öldü”.
Xrisippin qardaşı oğlu Aristokreon onun şərəfinə Afinanın ən böyük nekropolu olan Keramikosda heykəl ucaldıb. Stoik məktəbinin rəhbəri vəzifəsində onu Tarslı Zenon adlı şagirdi əvəz edib. Gülməkdən ölüm çox nadir haldır və adətən ürəyə və ya tənəffüs yollarına həddindən artıq yük düşməsi ilə bağlı olur. Güclü gülüş infarktı, boğulmanı, astmanın ağırlaşmasını və ya beynin damarlarında problemləri yarada bilər.
Xrisippin ölüm hekayəsi tək nümunə deyil. E.ə. V əsrdə yunan rəssamı Zevksisin də öz işini görüb gülməkdən öldüyü iddia olunur. Müasir dövrdə də gülməkdən ölən insanlar olub. Məsələn, 2003-cü ildə taylandlı dondurma satıcısı və 1989-cu ildə danimarkalı Ole Bentzen.
Gülüş özü nadir hallarda ölümün birbaşa səbəbi olsa da, ürək, damar və ya tənəffüs sistemi problemləri olan insanlar üçün tətikləyici faktor ola bilər.
Xrisipp gülməkdən ölmək