Azərbaycanın Moskvadakı səfirliyində 1990-cı il 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
"Report"un Rusiya bürosunun məlumatına görə, mərasimdə Azərbaycan diasporunun nümayəndələri, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları, tələbələr, diplomatik missiyanın əməkdaşları, eləcə də Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndələri iştirak ediblər.
Səfirliyin binasında 1990-cı ilin yanvar hadisələri zamanı sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində həlak olan dinc sakinlərin xatirəsinə həsr olunmuş stend quraşdırılıb. Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə qeyd edilib ki, 1990-cı il yanvarın 21-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binasına gələrək bəyanatla çıxış edib və sovet rəhbərliyinin Bakıdakı əməllərini qətiyyətlə pisləyərək, bunu dinc əhaliyə qarşı terror adlandırıb. O, baş verənlərə siyasi-hüquqi qiymət verilməsini və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib.
Tədbir iştirakçıları vurğulayıblar ki, sonradan Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Bundan başqa, tədbirdə iştirak edən və 1990-cı ilin yanvar hadisələrinin şahidi olan şəxslər həmin günlərlə bağlı xatirələrini bölüşüblər.








