UEFA Çempionlar Liqasındakı növbəti oyun "Qarabağ" üçün çox vacibdir.
"Report"un məlumatına görə, bunu komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Çox vacib oyundur. Hazırlaşmaq üçün çox vaxtımız olmadı. Sakit matça hazırlaşmışıq. Az vaxtdan səmərəli istifadə etdik. Futbolçuları fiziki baxımdan hazırlamalı idik. Meydanda intizamlı kollektivlər görəcəyik".
O, rəqibdəki baş məşqçi dəyişikliyinin planlarını poza biləcəyini söyləyib:
"Həqiqətən, əvvəlki oyunlara baxırdıq, yanvardan bu vaxtadək üç matç keçiriblər. Həm fərqli heyət, həm fərqli sistemdə meydana çıxırdılar. Oyunun gedişində müxtəlif hücumlar qururdular, hər oyunda fərqli müdafiə olunurdular. Buna uyğun işimizi aparırdıq. Amma planlar dəyişib. Sabah meydanda çox diqqətli olmalıyıq. Əsas öz oyunumuzu intizamlı oynasaq, diqqətli olsaq, rəqibin nə etmək istədiyini bilsək, problemlə üzləşməyəcəyik. Rəqib təcrübəli komandadırlar"
Qurbanov hava şəraiti ilə bağlı da danışıb:
"Hər durumda intizamlı olmağa çalışacağıq. Nadir hallarda belə havalarda matçlar təxirə salınır. İnanıram ki, hava oyuna ciddi təsir etməyəcək"
Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.