Ötən il Ermənistan müxtəlif hibrid təhdidlərin təzahürləri ilə üzləşib ki, bunlar da 2026-cı ilin yayında keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq, çox güman ki, daha geniş miqyas alacaq.
"Report"un məlumatına görə, bu barədə ölkənin Xarici Kəşfiyyat Xidmətinin hesabatında bildirilib.
"Seçkiqabağı dövrdə xarici subyektlər tərəfindən zərərli informasiya fəaliyyətləri yalan və təhrif olunmuş məlumatlarla cəmiyyətə, eləcə də qarşıdan gələn seçkilərdə seçicilərin iradə ifadəsinə təsir etmək məqsədilə Ermənistanın maraqlarına zidd olan diskursların informasiya məkanına daxil edilməsi formasında özünü göstərir. Həm aşkar təbliğatın, həm də gizli informasiya fəaliyyətlərinin kombinasiyası tətbiq olunur", - hesabatda vurğulanıb.
Qurumun qiymətləndirməsinə görə, 2026-cı ildə "Tramp marşrutu" (TRIPP) layihəsinə qarşı hibrid fəaliyyətlər aktivləşəcək.
Bundan əlavə, qeyd edilib ki, 2025-ci ildə artıq Ermənistanın daxili siyasi proseslərinə xarici müdaxilələrin güclənməsi müşahidə olunub: "Qeyd edilən alətlər həm Ermənistanda fəaliyyət göstərən casus şəbəkəsinin və dəstəklənən qüvvələrin aktivləşməsini, həm də Ermənistanın daxili siyasi həyatında xarici qüvvələrlə əlaqəli yeni siyasi qüvvələrin formalaşdırılması istiqamətində fəaliyyətləri əhatə edir".
Seçki dövründə xarici qüvvələr tərəfindən yetişdirilən və istifadə olunan subyektlər arasında iş adamları, din və mədəniyyət xadimləri və s. xüsusi yer tutur. Bundan əlavə, iqtisadi təsir metodlarının da istifadə olunduğu qeyd edilir.