Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Malayziya Mülki Müdafiə Qüvvələrinin baş komissarı Məhəmməd Abidin Abd Rəhman ilə fövqəladə hallarla mübarizədə əməkdaşlığı müzakirə edib.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, nazirin Malayziyaya səfəri çərçivəsində keçirilən görüşdə iqlim dəyişikliyi, təbii fəlakətlərin intensivləşməsi və texnogen qəzalar fonunda fövqəladə halların idarə edilməsi sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətinin daha da artdığı vurğulanıb.
Qeyd olunub ki, iki ölkə arasında dostluq və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq çərçivəsində Azərbaycan ilə Malayziyanın fövqəladə hallarla mübarizə üzrə məsul qurumları arasında fəlakətlərin və böhranların idarə edilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, birgə təlim və ixtisasartırma proqramlarının həyata keçirilməsi qarşılıqlı faydalıdır. Bu kontekstdə hazırki səfərin və aparılan müzakirələrin əlaqələrin genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olunub.

