İrəvanda Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin dinamikasını müsbət qiymətləndirirlər.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin sədr müavini Ruben Rubinyan jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
"Düşünürəm ki, bütün proseslərdə müsbət istiqamətdə irəliləyiş var, biz artıq müəyyən nəticələr görürük və hələ bundan sonra da bəzi nəticələrin şahidi olacağıq", - o qeyd edib.
Sədr müavini deyib ki, İrəvanda həm Ermənistan-Azərbaycan, həm də Ermənistan-Türkiyə proseslərinin tempi və nəticələrindən məmnundurlar, lakin onların mövqeyində heç bir dəyişiklik yoxdur.
"Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi və Ermənistan-Azərbaycan prosesi fərqli proseslərdir, lakin təbii ki, eyni regionda olduğumuz üçün onlar bir-biri ilə qarşılıqlı əlaqəli ola bilər", - Rubinyan vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında irəliləyiş Ermənistan-Azərbaycan prosesinə nəinki zərər verməyəcək, həm də ona yeni təkan verə bilər.
Bununla yanaşı, sədr müavini söyləyib ki, Türkiyə ilə münasibətlərdə artıq əhəmiyyətli irəliləyiş müşahidə olunur:
"Bu prosesdə böyük irəliləyişi qeyd etməmək olmaz: 8 avqust tarixli sülh bəyannaməsi, dəmir yolu blokadasının qismən aradan qaldırılması və sair".