IMG-LOGO

Çexiyanın Baş nazirinin Azərbaycana səfəri planlaşdırılır

19 Jan 2026 12:29 4 baxış
IMG

Çexiya Baş nazir Andrey Babişin Azərbaycana rəsmi səfərini planlaşdırır.

Bunu Şəhidlər xiyabanında Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek "Report"un sualını cavablandırarkən bildirib.

Diplomatın sözlərinə görə, İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş arasında görüş keçiriləcək. Bu, Babişin ötən ilin dekabrında yüksək vəzifəyə təyin olunmasından sonra liderlərin ilk danışıqları olacaq.

"Bizim çox yaxşı planlarımız var. Yaxın günlərdə Davosda Prezident İlham Əliyev və Baş nazirimiz Andrey Babiş arasında görüş keçiriləcək. Bu onların ilk danışıqları olacaq və ümid edirəm ki, bunun nəticələrinə əsasən Baş nazirimizin Azərbaycana rəsmi səfərini planlaşdıracağıq", - o qeyd edib.

Səfir iki ölkə arasında enerji əməkdaşlığının əhəmiyyətini vurğulayıb. O həmçinin, Azərbaycanın Çex Respublikasına ən böyük neft tədarükçüsü olduğunu qeyd edib.

"Bizim üçün Azərbaycanla enerji əməkdaşlığı məsələləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan neft emalı zavodlarımız üçün ən böyük neft tədarükçüsüdür. Bu baxımdan, enerji əməkdaşlığı bizim üçün çox vacibdir", - diplomat fikrini yekunlaşdırıb.

Xəbər lenti