Nothing şirkətinin qurucusu Karl Pey 2026-cı ildə smartfon bazarında əsaslı dəyişiklik olacağını və bunun cihazların pərakəndə qiymətlərinin ciddi şəkildə artmasına səbəb olacağını bildirib.
Lent.az xəbər edir ki, o, mövqeyini şirkətin X sosial şəbəkəsindəki (əvvəlki Twitter) rəsmi səhifəsində yayımladığı geniş açıqlamada təqdim edib. Pey qeyd edir ki, uzun illər ərzində əsas komponentlərin, xüsusilə də operativ yaddaş və fləş yaddaş modullarının ucuzlaşması tendensiyası artıq tamamilə dayanıb. Onun sözlərinə görə, bunun əsas səbəbi süni intellekt sənayesinin yaddaşa olan kəskin tələbatıdır. Artıq İİ serverləri istehlak elektronikası istehsalçıları ilə eyni resurslar uğrunda rəqabət aparır. Peyin qiymətləndirməsinə görə, bir il əvvəl 20 dollardan ucuz olan bəzi yaddaş modullarının qiyməti 2026-cı ilin sonuna qədər ən üst modellər üçün 100 dolları keçə bilər.
Belə xərclər artımı brendləri çətin seçim qarşısında qoyur.
“İndi şirkətlər seçim etməli olacaq: ya qiymətləri bəzi hallarda 30% və daha çox artırmaq, ya da cihazların texniki göstəricilərini azaltmaq”, - deyə Karl Pey vurğulayıb. O proqnozlaşdırır ki, xüsusilə giriş və orta seqment daha çox zərər görəcək və bu bazar hissələri 20%-dən çox darala bilər. Nothing rəhbəri hesab edir ki, bu vəziyyət “xüsusiyyət yarışının” sonu olacaq. Yəni marketinqin daimi olaraq texniki göstəricilərin artırılması üzərində qurulduğu dövr bitəcək. Yeni şəraitdə, onun fikrincə, əsas fərqləndirici amil ümumi istifadəçi təcrübəsi, dizayn və proqram təminatının keyfiyyəti olacaq. İlk gündən məhz bu məqamlara fokuslanan Nothing şirkəti üçün yaranmış böhran “əla bir fürsət” hesab olunur. Karl Peyin proqnozları digər analitiklərin fikirləri ilə də üst-üstə düşür.
Texno smartfonlar