Cənubi Koreya ordusu "Hyunmoo-5" ballistik raketlərinin yerləşdirilməsinə başlayıb.
"Report"un məlumatına görə, bu barədə yerli "Yonhap" agentliyi ordudakı mənbələrə istinadən xəbər yayıb.
"Yer-yer" sinfinə aid olan, ölçülərinə görə "əjdaha" adlandırılan raket yeraltı bunkerlərin məhv edilməsi üçün nəzərdə tutulub və Cənubi Koreyanın Koreya Xalq Demokratik Respublikasının (KXDR) genişmiqyaslı hücumu halında qarşısını almaq və cavab vermək planının əsas elementi sayılır.
"Cənubi Koreya getdikcə daha çox adi zərbələr endirmək imkanlarına diqqət yetirir, KXDR-in nüvə və raket proqramlarını cilovlamağa çalışır", – deyə nəşr qeyd edib.
Cənubi Koreyanın müdafiə naziri An Qyu Bek şimal qonşusunun nüvə təhdidlərinə cavab olaraq ölkənin zərbə arsenalının əhəmiyyətli dərəcədə artırılmasına çağırıb.
"Cənubi Koreya nüvə silahına sahib ola bilməz, çünki Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin iştirakçısıdır. Mən qəti şəkildə əminəm ki, terrorizmə qarşı mübarizədə balansı təmin etmək üçün çox sayda nəhəng "Hyunmoo-5" raketlərinə sahib olmalıyıq", – agentlik nazirin sözlərini sitat gətirib.
Cənubi Koreya "Hyunmoo-5" raketini ilk dəfə 2023-cü ildə Silahlı Qüvvələr Gününə həsr olunmuş mərasimdə ictimaiyyətə nümayiş etdirib, lakin silahın strateji əhəmiyyətinə görə təfərrüatlar gizli saxlanılır. Ordunun yüzlərlə müasir raketi, o cümlədən "Hyunmoo-5" və hazırda hazırlanmaqda olan modernləşdirilmiş variantları silahlanmaya qəbul etməsi planlaşdırılır.