13 rəqəmi və cümə gününün birləşməsi bir çox mədəniyyətdə uğursuzluğun simvolu kimi qəbul edilir. Bu inancın arxasında isə din və mifologiyanın bir-birinə qarışdığı uzun bir tarix dayanır. Ayın 13-nün cüməyə düşməsi xüsusilə Qərb mədəniyyətlərində uğursuzluqla eyniləşdirilir.
Lent.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu qorxu tək bir hadisəyə bağlı deyil, zamanla yığılan dini və tarixi təsəvvürlərin nəticəsidir.
13 rəqəminin “uğursuz” imiciBir çox mədəniyyətdə 12 rəqəmi “tamlıq” və “nizam” anlayışı ilə əlaqələndirilir. Məsələn 12 ay, 12 bürc, 12 həvari...
Bu nümunələr 12-ni tamamlanmışlıq rəmzi kimi gücləndirir. Onun ardınca gələn 13 isə “artıqlıq” və “tarazlığın pozulması” kimi qəbul edilir.
Xüsusilə xristian ənənəsində Son Şam Yeməyi zamanı masada olan 13-cü şəxsin İsanı satan Yahuda olduğu inancı, bu rəqəmin mənfi çağırışlar qazanmasına səbəb olub.
Cümə gününün “qaranlıq şöhrəti”Cümə gününə mənfi münasibət də ən az 13 rəqəmi qədər qədimdir. Xristian inancına görə, İsanın çarmıxa çəkildiyi günün cümə olması bu günə bədbin məna yüklənməsinin əsas səbəblərindən biri sayılır.
Orta əsrlərdə edamların çox vaxt cümə günü həyata keçirilməsi, həmçinin dənizçilər arasında cümə günü səfərə çıxmağın uğursuz hesab edilməsi bu təsəvvürü daha da gücləndirib.
Tarixdən qaynaqlanan əfsanələr13-cü Cümə ilə bağlı ən məşhur tarixi hekayələrdən biri 1307-ci ilə gedib çıxır. Həmin il Fransa kralı IV Filippin Tapınak Cəngavərlərini cümə günü həbs etdirdiyi bildirilir.
Əməliyyatın ayın 13-nə təsadüf etməsi və sonradan bir çox cəngavərin edam olunması bu tarixin “uğursuzluq simvolu” kimi tanınmasına təsir edib. Lakin tarixçilər hesab edir ki, 13-cü Cümə qorxusu təkcə bu hadisədən yox, ümumilikdə zamanla formalaşan mədəni inanclardan qaynaqlanır.
Müasir dövrdə 13-cü cüməBu gün 13-cü cümə populyar mədəniyyətin təsiri ilə daha çox qorxu filmləri, romanlar və şəhər əfsanələri ilə əlaqələndirilir. Bəzi otellərdə 13-cü mərtəbənin buraxılması, təyyarələrdə 13 nömrəli oturacağın olmaması kimi nümunələr bu batil inancın hələ də nə qədər güclü olduğunu göstərir.
Bununla belə, elmi araşdırmalar 13-cü cümə günlərində qəza və ya bədbəxt hadisələrin artdığına dair konkret sübut olmadığını ortaya qoyur.
maraq 13 ədədi