Qəzza zolağı üzrə Milli İdarəetmə Komitəsinə Fələstin Milli Hakimiyyətinin nümayəndəsi, sənaye zonalarının inkişafı üzrə keçmiş nazir müavini Əli Şaat rəhbərlik edəcək.
"Report"un məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.
Qeyd olunub ki, ABŞ Prezidenti Donald Trampın sədrli olacağı Qəzza idarəçiliyi üzrə "Sülh Şurası"na onun xüsusi nümayəndəsi Stiven Uitkoff, Amerika liderinin kürəkəni Cared Kuşner, Böyük Britaniyanın keçmiş Baş naziri (1997-2007) Toni Bleyer, "Apollo Global Management" investisiya şirkətinin sahibi Mark Rouen, Dünya Bankının rəhbəri Ajay Banqa və Trampın milli təhlükəsizlik üzrə köməkçisinin müavini Robert Qabriel daxil olacaq.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) xüsusi əməliyyat qüvvələrinin keçmiş komandanı general-mayor Casper Ceffers Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin komandanı təyin edilib.
BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə keçmiş xüsusi koordinatoru Nikolay Mladenov Sülh Şurasının Qəzza zolağında nümayəndəsi olacaq. Bundan əlavə, bəyanatdan göründüyü kimi, anklavın "səmərəli idarəçiliyini dəstəkləmək" üçün Mladenovun ofisi nəzdində fəaliyyət göstərəcək Qəzza İdarəetmə Şurası yaradılıb.
Digərləri ilə yanaşı, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Misir Baş Kəşfiyyat İdarəsinin rəisi Həsən Rəşad, BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim əl-Haşimi və Niderlandın keçmiş baş nazirinin müavini Siqrid Kaaq komitəyə daxil olacaq.